ABŞ artıq beynəlxalq nizamın qarantı kimi rolunu itirib
Yeni dünya nizamı, böyük güc nizamı sürətlə formalaşır.
Azreform.info xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
O əlavə edib ki, bu dəyişiklik qlobal iqtisadiyyata, dünya ticarət nizamına, Avropa təhlükəsizliyinə və Almaniyanın dünyadakı roluna təsir göstərir.
Merz bunun həm də daxili siyasi proseslərə təsir etdiyini və cəmiyyətdə dəyişikliklərə səbəb olduğunu bildirərək deyib: "Biz nə edirik? Cavab nisbətən sadədir. Biz yeni prioritetlər müəyyən edirik. Beləliklə, Almaniya üçün vahid Avropa daxilində yeni, böyük bir strategiya ortaya çıxır".
Gücün getdikcə qanunun aliliyini üstələdiyini qeyd edən Merz bildirib ki, bu yeni dövrdə güc, xüsusən də hərbi güc, eyni zamanda iqtisadi güc vacibdir: “Bu yeni dünya sərt və təhlükəlidir".
Merz əlavə edib ki, qaydalara əməl olunmadığı yerdə münaqişə riski artıq və Ukraynada müharibə bunun bariz nümunəsidir.
Yarımkeçiricilər, süni intellekt və saxlama texnologiyaları sahəsində geridə qalanların təkcə iqtisadi güclərini deyil, həm də siyasi təsirlərini itirəcəkləri barədə xəbərdarlıq edən Merz deyib ki, texnologiya bu gün həm də təhlükəsizlik imkanlarını müəyyən edir: “Bu texnologiyalara yiyələnənlər də qaydaları müəyyən edirlər".
ABŞ ilə siyasi gərginliyə baxmayaraq, Merz amerikalıların dost olduqlarını və bu dostluğu qorumaq üçün mübarizə aparacaqlarını bildirsə də, ABŞ-ın "beynəlxalq nizamın qarantı kimi roluna marağını itirdiyini" etiraf edib.
Merz bu yeni dünya nizamını "dəyişməz tale" kimi qəbul etməyəcəklərini, əksinə onu formalaşdıra biləcəklərini bildirdi və ABŞ-a yenilənmiş tərəfdaşlıq üçün əl uzatdığini də qeyd edib.
"Amma biz həm də bilirik ki, gələcəkdə taleyimizi öz əlimizə almalıyıq", - deyən Merz əlavə edib ki, yeni bir nizamın qurulduğu bu dünyada təhlükəsiz, güclü və azad olmaq istəyirik.
Mürtəza