2017-ci il fevralın 21-də Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması ölkəmizin idarəçilik sisteminə yeni bir nəfəs gətirdi. Ötən 9 ildə baş verən mühüm tarixi hadisələrə, görülən genişmiqyaslı işlərə, həyata keçirilən nəhəng layihələrə nəzər yetirsək, Mehriban xanım Əliyeva tərəfindən bu ali missiyada milli təəssübkeşliyin və humanist dəyərlərin möhtəşəm nümunələrini görmək mümkündür.
Qısa zaman kəsiyində Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən sosial islahatlar təkcə idarəçilik mexanizmlərini təkmilləşdirməyib, həm də dövlətin vətəndaşa olan qayğısını hər bir ailənin ünvanına çatdırıb. Birinci vitse-prezident üçün dövlətçilik təkcə rəqəmlər və qərarlardan ibarət deyil, ilk növbədə vətəndaşın rifahı, sevinci və təbəssümüdür. Çünki Mehriban xanım Əliyevanın fəaliyyətinin mərkəzində hər zaman insan amili dayanır.
Birinci vitse-prezidentlik institutu dövlət idarəçilik sisteminin ən ali məqamlarından biridir. Həmin məsuliyyətli postda xalqı təmsil edən şəxsiyyətin fundamental biliklərə, müstəsna idarəçilik qabiliyyətinə və milli-mənəvi dəyərlərə sahib olması həlledici şərtdir. Bu ali missiyanın daşıyıcısı həm də cəmiyyətin mütləq etimadını və rəğbətini qazanmış bir sima olmalıdır. Bu prizmadan yanaşdıqda hələ Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmazdan öncə Mehriban xanım Əliyevanın çoxşaxəli və xeyirxah fəaliyyəti təsdiqləyirdi ki, qeyd olunan bütün ali insani və mənəvi keyfiyyətlər, eləcə də dövlətçilik təfəkkürü Mehriban xanımın şəxsiyyətində və xarakterində tam bir vəhdət təşkil edir.
Birinci vitse-prezident kimi çoxşaxəli fəaliyyəti sübut edir ki, Mehriban xanım Əliyeva intellektual və mənəvi potensialını daha geniş müstəvidə səfərbər edərək, dövlətə və xalqa xidmətin bənzərsiz bir modelini yaradıb. O, özünəməxsus yüksək işgüzarlıq, dərin təşkilatçılıq istedadı və müdrik idarəçilik qabiliyyəti ilə bu ali postun məsuliyyətini şərəflə daşımaqdadır. Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən hər bir layihə, atılan hər bir addım dövlətimizin qüdrətlənməsinə, xalqımızın rifahına və milli həmrəyliyimizin daha da möhkəmlənməsinə xidmət edən əzmkar bir fəaliyyətin təzahürüdür.
Mehriban xanım Əliyevanın Azərbaycan naminə xidmətləri ötən əsrin 90-cı illərinin mürəkkəb və sınaqlarla dolu dönəmlərindən başlayıb. Dövlət müstəqilliyimizin ilk kövrək addımları atıldığı zamanda Mehriban xanımın rəhbərliyi ilə təsis edilən Azərbaycan Mədəniyyət Fondu milli mənəviyyatımızın dünyada eşidilən ilk güclü səsinə çevrildi. O, Azərbaycanın qədim irsini unutdurmağa çalışanlara meydan vermədi, mədəniyyətimizi qlobal arenada öz layiq olduğu yerə ucaltdı. Bu missiya illər keçdikcə daha geniş miqyas alaraq, milli dəyərlərimizin beynəlxalq miqyasda qorunması və təbliği yolunda misilsiz bir strateji hərəkata çevrildi.
2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi altında ən möhtəşəm mənəviyyat mərkəzi və insanların güvən yeridir. Fondun prezidenti kimi Mehriban xanımın imza atdığı hər bir layihə həm Azərbaycan, həm də dünya mədəniyyəti üçün silinməz izlər qoymaqdadır. Mehriban xanım Əliyevanın strateji uzaqgörənliyi ilə ərsəyə gələn bu işlər Azərbaycanın milli-mənəvi simasını beynəlxalq arenada ən ali səviyyədə təcəssüm etdirir. O, mərhəmət sahibi kimi xalqın qəlbində özünəməxsus taxt qurub.
2005-ci, 2010-cu və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Mehriban xanım Əliyeva bu fəaliyyəti ilə ölkəmizdə parlamentarizm mədəniyyətinin ən parlaq nümunələrindən birini yaratdı. Mehriban xanım təmsil etdiyi seçicilərin təkcə səsini ucaltmadı, həm də onların gündəlik qayğılarını, sosial ehtiyaclarını öz fəaliyyətinin mərkəzinə qoyaraq insanların dərin rəğbət və etimadını qazandı. Mehriban xanımın qanunvericilik təşəbbüsləri Azərbaycan hüquq sisteminin təkmilləşməsinə müstəsna töhfələr verdi. Birinci xanımın parlament fəaliyyətinin ən yaddaqalan və mənəvi baxımdan ən uca məqamı ədalət, mərhəmət və insanpərvərlik ideallarından güc alan silsilə təşəbbüsləri idi. Mehriban xanımın irəli sürdüyü amnistiya aktları dövlətin vətəndaşına olan şəfqətinin bariz təzahürü idi. Parlamentdə yekdilliklə dəstəklənən bu nəcib təşəbbüslər on minlərlə insanın taleyində yeni səhifə açdı. Bu amnistiya aktları, sadəcə, hüquqi sənədlər yox, dövlət-xalq birliyini sarsılmaz edən humanizm manifestləri idi.
Birinci vitse-prezident kimi fəaliyyətə başladığı ilk gündən Mehriban xanım Əliyeva öz diqqətini dövlət siyasətinin ən həssas və mühüm sahəsinə - sosial sektora yönəldib. Ötən 9 il ərzində onun sonsuz enerjisi və təşəbbüskarlığı ilə gerçəkləşən layihələr Azərbaycan cəmiyyətində dərin məmnunluq və minnətdarlıq hissi doğurub. Vətən müharibəsi qəhrəmanlarının, şəhid ailələrinin və qazilərin sosial qayğılarının operativ həlli, eləcə də vaxtilə doğma yurdundan didərgin düşmüş soydaşlarımızın müasir mənzil şəraiti ilə təmin olunması onun fəaliyyətinin ana xəttini təşkil edir. Şəhid ailələrinin göz yaşını silən, qazilərimizin yaralarına məlhəm olan, kimsəsiz uşaqlara ailə şəfqəti bəxş edən layihələr məhz Mehriban xanımın fəaliyyətinin ən kövrək və ən güclü təməlidir. Mehriban xanım hər bir azərbaycanlının çətin anında arxalanacağı güvən yeridir.
Mehriban xanımın rəhbərliyi ilə Azərbaycanın evsahibliyi etdiyi qlobal tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin beynəlxalq nüfuzunu sarsılmaz etdi. Eyni zamanda təhsil və mədəniyyət ocaqlarının, orta məktəblərin, uşaq bağçalarının və tarixi abidələrin əsaslı təmiri gələcəyimizə olan ən böyük sərmayədir. Xüsusilə çətin sınaq dövrlərində, o cümlədən qlobal pandemiya zamanı əhalinin aztəminatlı təbəqəsinə göstərilən davamlı və səmimi dəstək dövlətin hər bir vətəndaşın yanında olduğunun ən bariz sübutu idi. Heydər Əliyev Fondunun xətti ilə inşa edilən müasir Autizm Mərkəzi və bu qəbildən olan çoxsaylı inklüziv layihələr isə Mehriban xanım Əliyevanın fəaliyyətinin fəlsəfəsini - "heç kim diqqətdən kənarda qalmamalıdır" prinsipini bir daha təsdiq edir.
Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti sayəsində Azərbaycanı dünyada təkcə bir dövlət kimi deyil, zəngin bir mədəniyyət beşiyi kimi tanıtdı. UNESCO və ICESCO səviyyəsində həyata keçirilən layihələr nəticəsində Azərbaycanın muğamı, xalçası və tarixi abidələri bəşəriyyətin ortaq mirasına çevrildi. O, Azərbaycan qadınının intellektual, müasir, eyni zamanda milli dəyərlərinə bağlı obrazını bütün dünyaya sevdirdi. Bu gün Şuşada ucalan azan səsləri, Vaqif Poeziya Günlərinin dirçəlişi, "Xarıbülbül" festivalının möhtəşəmliyi Mehriban xanımın milli kimliyimizə olan sadiqliyinin bariz nümunələridir. Birinci vitse-prezident dağıdılmış məscidlərimizi, viran qalmış abidələrimizi yenidən qurmaqla Azərbaycanın mədəniyyət xəritəsini bərpa etdi.
44 günlük Vətən müharibəsi günlərində Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın timsalında dövləti və xalqı sevməyin, vətənpərvərliyin nümunəsini gördü. Müharibə günlərində Mehriban xanım yaralı hərbçilərimizin müalicəsini şəxsi nəzarətinə götürdü, Heydər Əliyev Fondunun xətti ilə onların bir qismi Türkiyəyə müalicəyə göndərildi. Eyni zamanda məhz Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun xətti ilə Qarabağın və Şərqi Zəngəzurun tarixi abidələrinin bərpası layihələri həyata keçirilməyə başlandı. Xüsusən Şuşada aparılan bərpa işlərində Heydər Əliyev Fondunun gördüyü işlər misilsizdir və bütün bunlar ilk növbədə Mehriban Əliyevanın vətənpərvərliyinin göstəricisidir.
Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarımıza ayaq basdığı ilk gündən Mehriban xanım Əliyeva həmin ərazilərin həm fiziki, həm də mənəvi bərpasının əsas ilhamvericisi oldu. Azərbaycan Prezidenti İlham Əliyevlə işğaldan azad edilmiş ərazilərə ilk səfərləri zamanı Mehriban xanımın avtomobildən çəkdiyi və dünyaya səs salan videokadrları 30 illik həsrətin sonu və ən əsası erməni vəhşiliyinin vizual görüntüsü idi. Rəsmi xəbər bülletenlərindən fərqli olaraq, Mehriban xanımın telefonla çəkdiyi videolar hadisələrə daha səmimi və real bir baxış bucağı qazandırdı. Heç bir montaj və bəzək olmadan dağıdılmış evləri, viran qoyulmuş məscidləri və talan edilmiş meşələri dünyaya göstərdi. Mehriban xanımın videolarda səsləndirdiyi fikirlər xalqın duyğularına xitab edirdi. Xüsusilə Şuşaya ilk gediş zamanı çəkilən görüntülərdəki sevinc və qürur hissi hər bir azərbaycanlının qəlbinə toxunurdu.
İctimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında Birinci vitse-prezidentin xidmətləri misilsizdir. Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir.
2017-ci ildə Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması ölkə vətəndaşlarının böyük razılıqla qarşıladıqları bir siyasi hadisə oldu. Bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığın başlanğıcını qoydu. Bu reallığın xarakterini və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, Birinci vitse-prezident Mehriban Əliyevanın mənəvi keyfiyyətləri, xalqa və dövlətə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə və ümumən bəşəriyyətə qazandırdığı nailiyyətlər təyin edir. Bütün bunların nəticəsi olaraq 9 ildir ki, Mehriban Əliyeva həm də Azərbaycanın Birinci vitse-prezidenti kimi öz potensialını daha geniş şəkildə səfərbər edərək, dövlətimizə xidmət etməyin yeni bir örnəyini ortaya qoyur. Özünəxas yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban xanım Əliyeva bu müddətdə ona etimad göstərilən bu ali postu layiqincə daşıyıb, həvalə olunan vəzifələri əzmlə yerinə yetirib və yetirməkdədir.
Şübhəsiz, bu tarixi dönəmin ən böyük hesabatı rəqəmlərdə deyil, xalqın qəlbində qazanılan sarsılmaz etimad, şəhid analarının təsəllisi və Vətən torpaqlarının dirçəlişindən doğan sonsuz qürur hissidir. Xeyirxahlıqdan quruculuğa, mərhəmətdən dövlət idarəçiliyinə qədər uzanan misilsiz yol Mehriban xanım Əliyevanın Azərbaycan xalqı qarşısındakı 9 illik Birinci vitse-prezidentlik hesabatının qızıl hərflərlə yazılmış səhifələridir. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti həm ölkə daxilindəki nəhəng bərpa işlərinin iştirakçısı, həm də beynəlxalq aləmdə dövlətimizin zərif, lakin qüdrətli səsidir. Onun fəaliyyəti xalqa xidmətin ən ali və ən səmimi nümunəsidir.
Asif ƏSGƏROV,
Milli Məclisin deputatı