Bu gün Yaponiyanın ölkəmizdəki səfirliyi Yaponiya imperatoru əlahəzrət Naruhitonun doğum günü münasibətilə rəsmi qəbul keçirib.
Hafta.az bildirir ki, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirak etdiyə tədbirdə öncə Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndirilib.

Səfir Vatanabe Katsuya çıxışında bildirib ki, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri bu üç onillik ərzində Azərbaycanla Yaponiya arasında dostluq münasibətlərinin tarixinə nəzər saldıqda, əlaqələrin davamlı şəkildə inkişaf etdiyini görürük. Diplomat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil də daxil olmaqla geniş sahələri əhatə edib. "Xalqlarımız arasında canlı mübadilələr və ölkələrimiz arasında fəal əməkdaşlıq bu gün paylaşdığımız dərin bağların möhkəmlənməsində mühüm rol oynayıb" deyən səfir Katsuya bildirib ki, ötən il Yaponiyada keçirilmiş Osaka–Kansai Ekspo sərgisində Azərbaycan öz milli pavilyonu ilə iştirak edib və pavilyon ümumilikdə iki milyon ziyarətçi qəbul edib. "Biz bunu dostluğumuzun gücünün və canlılığının bariz göstəricisi kimi qiymətləndiririk. Fürsətdən istifadə edərək, Zati-aliləri Prezident İlham Əliyevə, Azərbaycan Hökumətinə və bütün azərbaycanlı dostlarımıza göstərdikləri dəstək və əməkdaşlığa görə bir daha səmimi təşəkkürümü bildirmək istərdim.

2025-ci il Azərbaycan və Cənubi Qafqaz regionu üçün həqiqətən də tarixi bir il olub. Avqustun 8-də Vaşinqtonda sülhün əldə olunmasına yönəlmiş Birgə Bəyannamə imzalanıb. Yaponiya regionda davamlı sülh və sabitliyə doğru atılmış bu mühüm addımı alqışlayır", - səfir deyib.
Diplomat qeyd edib ki, dekabrda Tokioda keçirilən “Mərkəzi Asiya + Yaponiya” Dialoqunun Zirvə Görüşündə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” üzrə əməkdaşlığın təşviqi və genişləndirilməsi əsas mövzulardan biri olub. Onun sözlərinə görə, Azərbaycan Yaponiya ilə Avropanı birləşdirən bu marşrutun mərkəzində yerləşir və rabitə, informasiya-kommunikasiya texnologiyalarının inkişafında, beynəlxalq enerji təhlükəsizliyinin, eləcə də regional sabitlik və tərəqqinin irəlilədilməsində mühüm rol oynayaraq Yaponiya üçün əvəzolunmaz tərəfdaş olaraq qalır.

"2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu ilin may ayında Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) keçiriləcək və gələcəyin şəhər inkişafı ilə bağlı yeni müzakirələrə start veriləcək. Bu yeni formalaşan sahələrdə də Yaponiya ilə Azərbaycanın əl-ələ verərək əməkdaşlığını davam etdirəcəyinə, o cümlədən, yapon şirkətlərinin yeni layihə və investisiyalar vasitəsilə iqtisadi əlaqələrimizə əlavə təkan verəcəyinə səmimi qəlbdən ümid edirəm" deyən diplomat qeyd edib ki, hazırda bir Yapon televiziya kanalı hadisələrin Azərbaycanda cərəyan etdiyi televiziya serialı üzərində çalışır və yaxın vaxtlarda həmin televiziya serialına dair tanıtım videosunu ekranlarda nümayiş etdiriləcək. Səfir ümidvar olduğunu bildirib ki, bu layihə Yaponiyadakı tamaşaçılara Azərbaycanın zəngin turizm imkanları və gözəlliklərini tanıdacaq, daha çox səfərlərə ilham verəcək və iki ölkə arasında turizm əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcək.

Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Azərbaycanla Yaponiya arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir. "Azərbaycanın Yaponiya ilə münasibətlərə xüsusi önəm verir. Ötən illər ərzində Azərbaycanla Yaponiya arasında dostluq əlaqələri dinamik inkişaf yolu keçib, iqtisadiyyat, enerji, investisiya, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız güclənib. Azərbaycanla Yaponiya arasında siyasi-iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası münasibətlər də yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında iqtisadi əlaqələrdə dinamika artmaqdadır".
Nazir müavini Yaponiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə də maraq göstərdiklərini bildirib.

"Hazırda ölkəmizdə Yaponiyanı təmsil edən 48 şirkət, sənaye, tikinti, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərməkdədir. Biz həmçinin əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olan enerji sektorunda işbirliyimizi yüksək qiymətləndiririk. Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd”, eləcə də “Yaşıl enerji zonaları” konsepsiyalarının həyata keçirilməsi yönündə Yaponiya şirkətləri ilə əməkdaşlığımız mövcuddur", - o vurğulayıb.

Xüsusilə 2025-ci ilin Azərbaycan-Yaponiya əlaqələrinin dinamik inkişafında vacib hadisələrlə yadda qaldığını diqqətə çatdıran nazir müavini əlavə edib ki, ölkəmizdə yapon döyüş-idman növlərinə maraq durmadan artır. Eləcə də, bir çox ali məktəblərimizdə yapon dilini tədris edən kafedralar var ki. bu da azərbaycanlı gənclər arasında yapon dilinə və mədəniyyətinə marağın açıq sübutudur.
Çıxışlardan sonra yapon cüdo döyüş növü üzrə proqram təqdim olunub.
Daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.