Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında fərman imzalayıb.
Axar.az fərmanın mtənini təqdim edir:
1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində aşağıdakı qurumlar yenidən təşkil edilsin:
1.1. “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə;
1.2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə.
2. Müəyyən edilsin ki:
2.1. “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
2.2. “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
2.3. bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan qapalı səhmdar cəmiyyətləri (bundan sonra – Cəmiyyətlər) həmin hissədə qeyd olunan publik hüquqi şəxslərin hüquqi varisidir və həmin publik hüquqi şəxslərin hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Cəmiyyətlərə keçir;
2.4. Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.5. Cəmiyyətlərin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir;
2.6. Cəmiyyətlərin nizamnamə kapitalı bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan müvafiq publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;
2.7. Cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirir.
3. Cəmiyyətlərin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. yenidən təşkili və ləğvi;
3.1.2. icra orqanının yaradılması;
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.2.1. nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi;
3.3. Agentliyə:
3.3.1. xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;
3.3.2. Müşahidə Şurası sədrinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.3.3. Müşahidə Şurasının digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.4. Müşahidə Şurasına:
3.4.1. bu Fərmanın 3.1 – 3.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Cəmiyyətlərin nizamnamələrini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Agentlik:
5.1. Cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin balansında olan əmlakın müvafiq olaraq Cəmiyyətlərin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Cəmiyyətlərin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Aşağıdakı publik hüquqi şəxslər yenidən təşkil edilsin:
1.1. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə;
1.2. “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində.
2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxsdir;
2.2. “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir;
2.3. “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqları və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Agentliyə və Mərkəzə keçir.
3. Agentliyin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
3.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.1.3. Agentliyin ləğvi və yenidən təşkili;
3.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
3.1.5. Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
3.2. Agentliyə:
3.2.1. bu Fərmanın 7-ci hissəsi nəzərə alınmaqla, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi;
3.2.2. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Mərkəzin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.1.3. Mərkəzin ləğvi və yenidən təşkili;
4.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Mərkəzin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.2.1. Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;
4.2.2. Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
4.2.3. Mərkəzin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi;
4.3. Mərkəzə:
4.3.1. inkişaf istiqamətlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;
4.3.2. bu Fərmanın 7-ci hissəsi nəzərə alınmaqla, Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Agentliyin və Mərkəzin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Agentlik və Mərkəz:
6.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin və Mərkəzin yenidən təşkilinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsinlər;
6.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Agentliyin və Mərkəzin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.