AZ

Zaur İbrahimli: Sülh danışıqlarında itkinlər məsələsi gündəmdən çıxmamalıdır

"Ermənistanda referendum keçirilir, böyük əksəriyyət sülh sənədini dəstəkləyir, daha sonra Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyir. Referendumun təşkili, təbliğat və təşviqat mərhələsi, eləcə də nəticələrin təsdiqi təxminən iki ay vaxt aparır. Ardınca parlament seçkiləri keçirilir və nəticələrin təsdiqi də müəyyən müddət tələb edir. Beləliklə, proseslərin xronologiyasını nəzərə alsaq, sülh müqaviləsinin hipotetik olaraq payız aylarında, məsələn sentyabrın sonu və ya noyabr ayına qədər imzalanması mümkün görünə bilər. Bundan sonra ilkin diplomatik təşəbbüslər, rəsmi görüşlər, o cümlədən BMT çərçivəsində təmaslar baş tuta bilər. Lakin diplomatiya və siyasət müəyyən nəticə versə də, daha bir mühüm mərhələ qalır – ictimai müzakirələr mərhələsi. Mən hər zaman çalışıram ki, bu müzakirələrdə Qarabağ itkiləri məsələsi gündəmdə saxlanılsın. İki il əvvəl Qarabağ itkin ailələrinin təşkil etdiyi tədbirdə də bu məsələni qaldırmışdıq. Eldar müəllim də həmin tədbirdə iştirak etmişdi".

QHT.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, bəlkə də hazırkı mərhələ kövrək və həssas mərhələdir, bəzi məsələləri arxa planda saxlayırıq. Amma mənim şəxsi fikrim budur ki, bundan sonra çəkinməməliyik. Dövlət öz işini görür, dövlət qurumları fəaliyyətini davam etdirir. Lakin ictimai müzakirələrdə, xüsusilə ictimaiyyət nümayəndələrinin iştirak etdiyi platformalarda itkinlər məsələsi mütləq gündəmə gətirilməlidir:

"Düşünürəm ki, sülh danışıqlarının tərkib hissələrindən biri də itkinlərin taleyi və məsuliyyət məsələsi olmalıdır. Ermənistanın bu məsələdə cavabdehliyi unudulmamalı və daim xatırladılmalıdır. İstənilən yaxınlaşma, istənilən təşəbbüs alqışlana bilər, lakin bu, məsuliyyət məsələsini gündəmdən çıxarmamalıdır. Mən özüm də erməni ekspertlərlə bir neçə dəfə teledebatlarda iştirak etmişəm və hər dəfə iki məsələni mütləq qaldırmışam: birincisi, itkinlərin taleyi; ikincisi, mina xəritələri və minalanmış ərazilərlə bağlı məsuliyyət. Bu iki məsələ üzrə Ermənistan heç bir halda məsuliyyətdən yayınmamalıdır. Hətta gələcəkdə iqtisadi əməkdaşlıq və ticarət əlaqələri genişlənsə belə, hüquqi və mənəvi məsuliyyət məsələsi daim gündəmdə saxlanmalıdır".

Seçilən
29
qht.az

1Mənbələr