JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri – “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada cari ilin növbəti işgüzar görüş baş tutub.

Görüşün əsas məqsədi tərəfdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərin qiymətləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımların müzakirəsi, həmçinin prioritet sahələr üzrə gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi olub.

Görüşdə Almaniya nümayəndə heyətində “Sana Hospital Group”un Beynəlxalq əlaqələr şöbəsinin direktoru Sven Heininger, Keyfiyyətin və klinik risklərin idarə olunması şöbəsinin müdiri Dr. Susanne Eberl, Kardiologiya departamentinin rəhbəri Prof. Thorsten Dill, Kardiologiya şöbəsinin üst uzmanı Dr. Vüsal Əhmədli, Qastroenterologiya departamentinin rəhbəri PD Dr. med. Edris Wedi, Astroenterologiya şöbəsinin üst uzmanı Ceyhun Əliquliyev, Solveig Nicolas, Judith Kissuth, İntensiv terapiya şöbəsinin məsul xəstə baxıcısı Lukas Adamek, Baş tibb bacısı Dr. Helena Maucher, “Sana Hospital Group”un İdarə Heyətinin məsləhətçisi Dr. Tina Kuttner, Klinik risk idarəetməsinin rəhbəri Beate Wagner, Stasionar xəstə baxıcılarının rəhbəri Benjamin Kuhn, eləcə də TƏBİB və Yeni Klinikanın əməkdaşları iştirak ediblər.

Almaniya nümayəndə heyəti tibbi xidmət, pasiyentə qulluq, keyfiyyət menecmenti və klinik idarəetmə sahələrini əhatə edən geniş ixtisaslaşmış mütəxəssislərlə təmsil olunur.

Nümayəndə heyəti xəstəxananın fəaliyyəti, Kardiologiya və Qastroenterologiya şöbələri, tibbi infrastruktur, tətbiq olunan müasir diaqnostik müalicə metodları, eləcə də iş prosesləri ilə yaxından tanış olublar və planlaşdırılan fəaliyyətlər, eləcə də prioritet məsələlər ətrafında müzakirələr aparıblar.

Üç gün davam edən görüş çərçivəsində mütəxəssislər qeyd olunan şöbələrdə klinik iş proseslərini yerində izləyib, pasiyent marşrutları, keyfiyyətə nəzarət mexanizmləri və idarəetmə modelləri ilə tanış olub, həmçinin qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə layihələrin icrası ilə bağlı praktiki addımları müəyyənləşdiriblər.

Daha sonra baş tutan təlim sessiyasında Kardiologiya və Qastroenterologiya şöbələrinin həkim və orta tibb personalı ilə klinik protokolların tətbiqi, mürəkkəb klinik halların idarə olunması, pasiyent təhlükəsizliyi standartları və multidisiplinar yanaşmanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX