AZ

Makron Trampı hörmətsizlikdə günahlandırıb

AzVision.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın onların şəxsi yazışmalarını internetdə dərc etməsinə beləmünasibət bildirib.

“Hörmət sivilizasiya prosesi ilə birlikdə inkişaf edib. O, ildən-ilə, onilliklər ərzində daha yaxşı ola bilməyimiz üçün qurulub. Düşünürəm ki, liderlərin irəli getmək əvəzinə geriyə getdiyini müşahidə etmək insanlar üçün bir az təəccüblüdür”,- Makron deyib.

Xatırladaq ki, yanvar ayında Amerika lideri Donald Tramp Fransa prezidenti ilə şəxsi mesaj mübadiləsinin bir hissəsini yayımlayıb. Makron həmin yazışmada, digər məsələlərlə yanaşı, Vaşinqtonun Qrenlandiya ilə bağlı hərəkətlərini anlamadığını bildirib və yanvarın 22-də Parisdə Ukrayna, Rusiya, Danimarka və Suriyanın iştirakı ilə G7 görüşünün keçirilməsini təklif edib.

Mesajda həmçinin iki prezident arasında şəxsi görüş və birgə şam yeməyi təklifi də müzakirə olunub. Yazışmaların dərc olunması ilə bağlı şərh verən Makron hər hansı sərt mühakimə yürütməkdən çəkinib.

Jurnalistlərin ABŞ prezidentinin belə bir addımını nəzakətsizlik sayıb-saymadığı barədə sualına Fransa lideri vəziyyəti qiymətləndirməyi başqalarının öhdəsinə buraxdığını bildirib.

Maraqlıdır ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə 4 gün qalmış Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə qarşı belə fənddən istifadə edib. Belə ki, Putinlə kofidensial telefon bağlantısı yaratmaqtəşəbbüsü ilə çıxış edən Makron, Kremldən xəbərsiz, danışıq apardığı otağa öz komandasının bəzi üzvlərini və hətta mətbuatı çağırıb. Bir neçə gün sonra isə telefon danışığının tam versiyası mətbuatda dərc olunub. Sonradan hətta bununla bağlı sənədli film də hazırlanıb.

Onun bu fırıldağının üstü elə Fransanın özü tərəfindən açıldıqdan sonra dünya ictimaiyyəti Emmanuel Makronun belə ikiüzlülüyündənnə utanıb-qızardığının, nə də əməlindən xəcalət çəkdiyinin şahidi oldu. Bu baxımda, əslində Makronun Amerika liderinin hərəkətindən gileylənməyi ən azı təəccüb doğurur.

Müdriklər nahaq deməyiblər ki,nə tökərsən aşına, o da çıxar qaşığına.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
3
azvision.az

1Mənbələr