AZ

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib – FOTOLAR

Prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin artırılması, məlumat mübadiləsi zamanı qanunvericiliyin tələblərinə əməl olunması, eləcə də istintaq sirri təşkil edən məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədilə jurnalistlər üçün treninq keçirilib.

Ekologiya.az xəbər verir ki, “İstintaq sirri və media: ictimaiyyətin düzgün məlumatlandırılması prinsipləri” mövzusunda təşkil olunan tədbirdə prokurorluq əməkdaşları, media təmsilçiləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək media nümayəndələrinin istintaq sirri, informasiya təhlükəsizliyi və ictimaiyyətlə düzgün kommunikasiya sahəsində biliklərinin artırılmasının vacibliyini vurğulayıb. O, hüquqi çərçivədə əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə prokurorluq orqanları ilə media arasında əməkdaşlığın cəmiyyətin operativ və dəqiq məlumatlandırılması baxımından mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə qarşılıqlı etimad və məsuliyyətli yanaşma əsas şərtdir.

Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Əyyub Bəşirov çıxışında istintaq sirri təşkil edən məlumatların mahiyyəti, həmin məlumatların vaxtından əvvəl və ya qanunsuz yayılmasının yarada biləcəyi hüquqi və ictimai fəsadlar barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində “Real TV”nin baş direktoru Mirşahin Ağayev “Azərbaycan informasiya sahəsində milli maraqlar və media” mövzusunda çıxış edərək informasiya mühitində milli maraqların qorunması, ictimai rəyin formalaşmasında medianın rolu və mövcud çağırışlardan danışıb.

Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar təqdimatla çıxış edib. O, müasir kommunikasiya mədəniyyətinin formalaşmasında media savadlılığının rolunu xüsusi qeyd edib.

Bundan əlavə, “Sosial məsələlərin həllinə dəstək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli media, dövlət və vətəndaş cəmiyyəti münasibətləri, ictimai faydalı təşəbbüslərin təşviqində informasiya platformalarının rolu və sosial məsuliyyət prinsipləri barədə fikirlərini bölüşüb.

Treninq interaktiv formada keçirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
3
4
ekologiya.az

6Mənbələr