AZ

İnam Kərimov: Məhkəmələrdə İKT-nin inkişafı və süni intellektin tətbiqi mürəkkəb işlərin analizində əhəmiyyətli rol oynayacaq VİDEO

Bakı, 20 fevral, Nailə Həsənova, Səbinə Əlizadə, foto Azər İbrahimov, video Namiq Abdullayev, AZƏRTAC

Ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı səsləndirib.

Onun sözlərinə görə, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib: "Belə ki, əlavə və dəyişikliklərlə birgə Ali Məhkəmə tərəfindən 10 Plenum qərarı, 2 kollegiya qərardadı qəbul edilib, 45 yekun məhkəmə qərarına 3 ulduz statusu verilib. 2025-ci il, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də mühüm nailiyyətlərlə yadda qalıb. Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, qarşılıqlı anlaşma memorandumlarının imzalanması, eləcə də Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqləyib. Bu çərçivədə hakimlərimiz müxtəlif ölkələrdə təlim proqramlarında iştirak edib, xarici mütəxəssislər ölkəmizə səfərlər ediblər”.

İnam Kərimov qeyd edib ki, ötən dövr məhkəmə sistemi üçün səmərəli və məhsuldar olsa da, hələ bir sıra vacib vəzifələr var: "Hesab edirəm ki, vahid məhkəmə təcrübəsinin daha geniş tətbiqi sayəsində qərarların proqnozlaşdırıla bilən olması mühüm əhəmiyət daşıyır. Həmçinin hakimlərin iş yükünün optimallaşdırılması, onların sosial təminatının gücləndirilməsi və etik davranış qaydalarının təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzindədir. Bununla yanaşı, məhkəmələrdə İKT-nin inkişafı və süni intellektin tətbiqi mürəkkəb işlərin analizində və qərarların dəqiqliyinin artırılmasında əhəmiyyətli rol oynayacaq",- deyə o qeyd edib.

 

Seçilən
29
3
azertag.az

4Mənbələr