AZ

Vaxt uzandıqca münaqişə düyünü bir az da sıxılır

Ukrayna məcburi seçim hədəfində

Fevralın 17–18-də İsveçrənin Cenevrə şəhərində keçirilən ABŞ–Rusiya–Ukrayna üçtərəfli danışıqları nəticə etibarilə uğursuz oldu və mövqelərin institusional şəkildə qarşı-qarşıya qoyulması ilə yadda qaldı. ABŞ nümayəndəsi Stiv Uitkoffun vasitəçiliyi ilə BMT-nin Avropa bölməsinin yerləşdiyi “Palais des Nations” binasında keçirilən danışıqların strukturu göstərdi ki, tərəflər fərqli strateji məqsədlər uğrunda mübarizə aparırlar.

İlk günün əsas mövzusu mümkün atəşkəsin texniki mexanizmləri və monitorinq sisteminin yaradılması idi. ABŞ tərəfi beynəlxalq müşahidə mexanizminin formalaşdırılması ilə bağlı konkret model təqdim etdi və Ukrayna Prezidenti Volodimir Zelenski sonradan təsdiqlədi ki, tərəflər atəşkəsə nəzarət mexanizmi üzrə razılaşmaya “yaxınlaşıblar”. Zelenski bu məsələdə müəyyən irəliləyişin əldə olunduğunu qəbul etsə də, əsas siyasi ziddiyyətlərin açıq qaldığını vurğuladı. Bu, faktiki olaraq, onu göstərir ki, danışıqların hərbi-texniki komponenti siyasi komponentdən ayrılaraq ayrıca müzakirə olunur və bu, ABŞ diplomatiyasının mərhələli sabitləşdirmə strategiyasının elementidir.

V.Zelenski danışıqların keçirildiyi vaxt xarici nəşrə müsahibəsində dedi ki, Ukrayna xalqı ordunun şərqdəki Donbas bölgəsindən birtərəfli çıxarılmasını və vilayətin Rusiyaya verilməsini nəzərdə tutan sülh sazişini qəbul etməyəcək. O qeyd etdi ki, amerikalı nümayəndə heyəti Stiv Uitkoff və Cared Kuşner onu Rusiyanın müharibənin dayandırılmasını istədiyinə inandırmağa çalışıblar. Amma Zelenski buna skeptik yanaşaraq onlara öz xalqının "uğursuz tarix" kimi qəbul edəcəyi sülh baxışını irəli sürməyə məcbur etməməyi məsləhət görüb: “ABŞ Prezidenti Donald Trampın sülh naminə güzəştlərə açıq şəkildə Rusiyanı deyil, məhz Ukraynanı çağırması ədalətsizlikdir. Tramp üçün Ukraynaya təzyiq göstərmək böyük Rusiyaya nisbətən daha asan ola bilər, lakin davamlı sülhə gedən yol qələbəni Rusiya Prezidenti Vladimir Putinə vermək deyil”.

ABŞ nümayəndələri bu mövqeyi nəzərə aldıqlarını bildirsələr də, Rusiya tərəfi, xüsusilə prezidentin köməkçisi Vladimir Medinski Ukrayna qüvvələrinin Donbasın Rusiyanın iddia etdiyi ərazilərindən çıxarılması tələbini qoydu. Bu tələb dərhal Ukrayna tərəfindən rədd edildi. Zelenski Medinskinin bu təklifinə sərt formada cavab verdi: “Ukrayna Donbası təcavüzkar dövlət olan Rusiyanın nəzarətinə təslim edə bilməz. Amerikaya güclü ölkə kimi bütün hörmətimizi nəzərə alaraq, təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var. Amma heç kim Putinin geri qayıtmayacağına təminat verə bilməz”.

Danışıqların ikinci günündə görüşün cəmi 2 saat çəkməsi faktiki olaraq tərəflər arasında kompromisin mümkün olmadığını göstərdi. Zelenski açıq şəkildə bəyan etdi ki, ərazi məsələsində irəliləyişə nail olmağın ən yaxşı yolu Putinlə şəxsi görüşdür. O, komandasına gələcəkdə Cenevrədə liderlər səviyyəsində görüşün təşkilini tapşırdığını dedi. Zelenski, həmçinin danışıqların növbəti raundunun bu ay ərzində keçirilməsini təklif etdi. Bu bəyanat Ukraynanın taktiki səviyyədə texniki razılaşmalara hazır olduğunu, lakin strateji səviyyədə status-kvonun dəyişdirilməsinə razı olmadığını nümayiş etdirdi.

Əslində, mövcud situasiya onu deməyə əsas verir ki, Ukrayna istəməsə də gec-tez ərazi güzəştinə gedəcək. Buna səbəb Kiyevdə siyasi fikir ayrılıqlarının olmasıdır. Bir tərəf Donbas məsələsində güzəştlərə yol verən Kirill Budanovun, digər tərəf isə ərazi güzəştlərinin yolverilməzliyi ilə bağlı prezidentin mövqeyini dəstəkləyir. Bu isə Ukrayna liderinin daxildə mövqeyinin zəiflədiyini və onun yaxın çevrəsində çəkişmələrin artdığını göstərir.

***

Rusiya nümayəndə heyətinin rəhbəri Medinski danışıqları “çətin, lakin işgüzar” kimi xarakterizə edib. Bu ifadə diplomatik kontekstdə kompromisin əldə olunmadığını, lakin tərəflərin dialoqdan imtina etmədiyini göstərən standart formuldur. Medinskinin mövqeyi Kremlin strateji xətti ilə tam uyğun idi. Moskva hərbi üstünlüyünü siyasi dividendlərə çevirməyə çalışır və danışıqları hərbi strategiyanın davamı kimi istifadə edir. Rusiya tərəfi ərazi məsələlərində güzəştə hazır olmadığını açıq şəkildə nümayiş etdirdi və bu, faktiki olaraq danışıqların əsas siyasi nəticəsinin olmamasını qaçılmaz etdi.

Bu prosesdə ən diqqətçəkən məqam ABŞ-ın tutduğu mövqedir. Görünür, rəsmi Vaşinqton artıq bu müharibəyə idealist yanaşmır. Ağ Evin nümayəndəsi Stiv Uitkoffun ilk günün yekununda bildirmişdi ki, dialoq üçün real əsas yaranıb. Bu, əslində, strateji realizmin ifadəsidir. ABŞ anlayır ki, müharibənin uzanması nə Rusiyanı çökdürür, nə də Ukraynaya həlledici qələbə qazandırır. Əksinə, bu münaqişə Vaşinqtonu daha böyük geosiyasi rəqibi olan Çinlə qarşıdurmada zəiflədir. Məhz buna görə də ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan etdi ki, “Ukrayna tez bir vaxtda razılığa gəlməlidir”. Vaşinqton artıq müharibənin idarəolunan şəkildə dayandırılmasında maraqlıdır.

Bu reallıq həm də onu göstərir ki, bu müharibə heç vaxt yalnız Ukrayna ilə Rusiya arasında olmayıb, əslində, post-soyuq müharibə dövrünün təhlükəsizlik arxitekturası uğrunda mübarizədir. NATO-nun genişlənməsi, Rusiyanın özünü yenidən böyük güc kimi təsdiqləmək cəhdi və ABŞ-ın qlobal liderliyini qorumaq istəyi bu münaqişənin əsas struktur səbəbləridir.

Cenevrə danışıqları bir həqiqəti açıq şəkildə ortaya qoydu: müharibələr yalnız cəbhədə deyil, siyasi iradə səviyyəsində qazanılır və ya itirilir. Bu gün Ukrayna cəbhədə müqavimət göstərir, Rusiya mövqelərini qoruyur, ABŞ isə nəticəni müəyyən edəcək geosiyasi çərçivəni formalaşdırır. Bu o deməkdir ki, müharibənin sonu böyük güclərin razılığa gəlməsi ilə müəyyən olunacaq.

Tofiq ABBASOV,
politoloq

Üçtərəfli müzakirələr, gözlənildiyi kimi, tərəflərin bir-birinə qarşı barışmaz mövqe nümayiş etdirməsi ilə yekunlaşdı. Stiv Uitkoffun moderatorluğu ilə keçən bu təmaslar sülhə nail olmaqdan ziyadə, mövcud siyasi və hərbi uçurumun nə qədər dərin olduğunu bir daha üzə çıxardı. Baxmayaraq ki, ilk gündə atəşkəsin texniki detalları və beynəlxalq monitorinq qruplarının fəaliyyəti barədə müəyyən "yaxınlaşma" qeydə alındı, Volodimir Zelenskinin bəyanatları göstərdi ki, hərbi-texniki razılaşmalar hələ siyasi həll demək deyil.

Danışıqların ikinci gününün cəmi 2 saat çəkməsi və tərəflərin masanı nəticəsiz tərk etməsi faktiki olaraq diplomatik çıxılmaz vəziyyətin təsdiqi idi. Rusiya nümayəndə heyəti, xüsusilə Vladimir Medinski, hərbi üstünlüyü ərazi iddialarına çevirmək xəttini davam etdirərək Ukraynanın kapitulyasiyasına bərabər tələblər irəli sürdü. Digər tərəfdən, Donald Tramp administrasiyasının Ukraynanı daha çox güzəştə sövq etməyə çalışması Kiyev üçün həm xarici təzyiq, həm də daxili siyasi gərginlik deməkdir.

Mövcud mənzərə göstərir ki, yaxın perspektivdə tərəflərin real barışığa nail olması ehtimalı olduqca aşağıdır. Münxen Təhlükəsizlik Konfransında Avropa liderlərinin, xüsusən Almaniya kansleri Mertsin sərt və aqressiv çıxışı göstərir ki, Avropa hələ də Rusiyanın tam zəiflədilməsi strategiyasına sadiqdir və bu, ABŞ-ın savaşı "dondurma" planı ilə ziddiyyət təşkil edir. Moskva isə öz növbəsində Avropanı deyil, məhz Vaşinqtonu yeganə legitim tərəf-müqabili hesab edərək bütün sövdələşmələri Ağ Evlə koordinasiya etməyə çalışır. Nəticə etibarilə, Cenevrə görüşü müharibənin taleyini həll etmədi, sadəcə, böyük güclərin yeni dünya nizamı uğrunda apardıqları mübarizənin növbəti bir mərhələsi kimi tarixə düşdü.

Tacir SADIQOV
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr