AZ

ADAU–EGE rəhbər heyətinin görüşü keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ali təhsil müəssisələrinin rəhbər heyətinin iştirakı ilə onlayn görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüş proqramın inkişaf perspektivlərinin, akademik və inzibati koordinasiya mexanizmlərinin, eləcə də maliyyə və idarəetmə məsələlərinin müzakirəsinə həsr olunub.

Görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov qeyd edib ki, sözügedən proqram universitetin beynəlmiləlləşmə strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Onun sözlərinə görə, proqram tələbələrin qlobal təhsil məkanına inteqrasiyasını təmin etməklə yanaşı, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə və yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasına mühüm töhfə verir. Rektor vurğulayıb ki, ikili diplom proqramı akademik mobilliyin təşviqi, kurikulumların qarşılıqlı tanınması və birgə əməkdaşlıq modelinin tətbiqi baxımından da strateji əhəmiyyət daşıyır.

Ege Universitetinin rektoru Musa Alcı isə çıxışında iki ali təhsil müəssisəsi arasında formalaşmış əməkdaşlıq münasibətlərinin dinamik inkişaf etdiyini diqqətə çatdırıb. O, birgə proqramın hər iki universitet üçün akademik nüfuzun gücləndirilməsi, beynəlxalq reytinqlərdə mövqelərin möhkəmləndirilməsi və tələbə-müəllim mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Rektor gələcək mərhələdə tədqiqat layihələrinin birgə icrası, innovativ tədris texnologiyalarının tətbiqi və sənaye-universitet əməkdaşlığının dərinləşdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.

Görüş çərçivəsində tərəflər proqramın icra mexanizmləri, maliyyə təminatı, akademik keyfiyyətə nəzarət prosedurları və davamlı inkişaf strategiyası ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda hər iki ali təhsil müəssisəsinin rəhbərləri ikili diplom proqramının Maliyyə Sazişini imzalayıblar. İmzalanmış sənəd proqramın hüquqi və maliyyə əsaslarının möhkəmləndirilməsi, tərəflər arasında öhdəliklərin dəqiqləşdirilməsi və uzunmüddətli institusional əməkdaşlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
43
unikal.az

1Mənbələr