Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Axşam saatlarında toplantıda hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verildi. Qərarlara gəlincə…
Əslində iclas müddətində hər hansı bir ciddi qərarın qəbul olunduğunu görmürük. Bəlkə də qərarlar olub, sadəcə ictimaiyyətə bu yalnız qısa anons formasında təqdim olunur. Eynən hakimlərin yeni bonus sistemi kimi:
“Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib”
Bəli, nəsə təsdiq edilib, amma hansı formada? Nə cür? Bundan bir xəbər yoxdur. Özü də yeni bonus sisteminin qəbulu Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Premyer Liqanın 20-ci turunda 6 oyunun 3-də hakim səhvlərini etiraf etməsi ilə eyni vaxta təsadüf edir. Əgər problem bonus məsələsidirsə, (hərçənd Azərbaycanda hakimlərin qazancı o qədər də pis deyil) bunu çoxdan həll etmək olardı.
AFFA-nın prezidenti Rövşən Nəcəfin UEFA Çempionlar Liqasında “Qarabağ”ın bu mövsüm qazandığı uğurlar münasibətilə komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edərkən İcraiyyə Komitəsinin üzvləri bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini başları ilə təsdiqləyirdilər. Amma əminəm ki, iclasın gedişində heç kim 1-2 saat əvvəl baş vermiş hadisəini heç yada da salmaq istəmirdi. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası İnkişaf Turnirində Rusiyanın U-18 yığmasına 1:7 hesabı ilə uduzmuşdu. Niyə bu nəticəni xatırlayıb iclas zamanı işgüzar əhval-ruhiyyəni korlansınlar ki. Onsuz də İK-da oturanların əksəriyyəti hələ də elə bilir ki, Azərbaycan futbolu Brejnev demişən, “şiroko şaqaet”.
AFFA hələ də heç kimə lazım olmayan Əvəzedicilər Liqası ilə bağlı yekun qərar verə bilmir. Əslində 2 klubu çıxmaq şərti ilə Premyer Liqanın digər təmsilçiləri Əvəzedicilər Liqasının ləğvinin tərəfdarıdır. Əvəzedicilər Liqasını ləğv edib əvəzində əsas diqqəti AFFA Gənclər Liqasına (U-19) yönəltmək olar. Bu çempionatın qalibi sonda ölkəmizi UEFA Gənclər Liqasında təmsil edir. Amma Gənclər Liqasının oyunları yayımlanmır, oradan tez-tez hakim hoqqaları ilə bağlı söz-söhbətlər gəlib çıxır Oyunların da əksəriyyəti bərbad meydançalarda keçirilir. Statistikaya da diqqət yetirsək, Əvəzedicilər Liqasından Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına demək olar ki, oyunçu çağırılmır.
P.S.AFFA-nın İnkişaf Strategiyasının qəbulundan bir ildən çox vaxt keçdi. Strategiyada göstərilən hədəflərdən biri – A milli komandanın FİFA reytinqində ən yaxşı 75 komanda sırasına yüksəlməsi prosesini diqqətlə izləyirik. Hazırda Azərbaycan FİFA reytinqinqə 127-ci yeri tutur. Görəsən, strategiyanı yazanlar indi anlayırlar ki, çox populist və reallaşması möcüzəyə bərabər olan bir sənəd hazırlayıblar?