AZ

Neftin bahalaşması bazarın geosiyasi proseslərə reaksiyasıdır

Bakı, 20 fevral, AZƏRTAC

Cenevrədə keçirilən ABŞ-İran danışıqlarının 2-ci mərhələsində də heç bir nəticə əldə edilmədi. İran nüvə proqramından imtina etməyəcəyini, ABŞ isə İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyini bəyan edir.

AZƏRTAC xəbər verir ki, fevralın 17-dən bu günə (20 fevral) kimi dünya neft bazarı İran ətrafında cərəyan edən geosiyasi proseslərə gərgin reaksiya verərək qiymətləri yüksəldir.

Artıq “Brent” markalı neftin 1 barelinin qiyməti 72,15 dolları ötüb. Son 3 gün ərzində qiymətlər 7 faiz artıb. İtaliyanın “Auqusta” limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,03 ABŞ dolları və ya 2,94 faiz artaraq bir barel üçün 72,78 ABŞ dolları təşkil edib.

Vaşinqtonda Sülh Şurasının ilk toplantısında çıxış edən Prezident Donald Tramp İranla danışıqlar “yaxşı keçir” desə də, hədələməkdən də çəkinməyərək bildirib ki, rəsmi Tehran irəli sürülən şərtlərlə razılaşmasa “çox pis şeylər baş verə bilər”, yəni hərbi əməliyyatlar keçirilər.

“The Wall Street Journal” yazır ki, ABŞ F-35 və F-22 qırıcı təyyarələrlə yanaşı, Yaxın Şərqə “Northrop Grumman MQ-4C Triton” və “B2 Spirit” bombardmançı təyyarələri də göndərib.

Rusiya xəbər agetliklərinin məlumatına görə, Körfəz sahillərində ABŞ-ın kəşfiyyatçı təyyarələri müşahidə olunub. Lakin onları İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin radarları qeydə ala bilməyib.

Bunlarla yanaşı “Gerald R. Ford” aviadaşıyıcı gəmi isə İsrail sahillərinə yerləşdirilib ki, onun müdafiəsini gücləndirsin.

“CBS News” kanalı bildirib ki, ABŞ generalları hərbi əməliyyata başlamaq üçün tam hazır olduqları barədə prezidentə məruzə ediblər. Lakin Prezident D.Tramp hələlik qəti qərara qəbul etməyib. İnformasiya məkanında dolaşan bütün bu xəbərlər dünya bazarını ona görə gərgin olmağa vadar edir ki, Körfəzdən və Hörmüz boğazından dünya bazarına hər gün 21 milyon barel neft ixrac edilir ki, bu da ümumi neft bazarının 20 faiz tələbatını ödəyir.

“Goldman Sachs” və “JPMorgan” kimi iri investisiya şirkətlərinin analitikləri hesab edirlər ki, hərbi əməliyyatlar həyata keçirilsə, İran Hörmüz boğazını bağlaya bilər və neftin 1 barelinin qiyməti 150-200 dollara kimi artar ki, bu da Çinin iqtisadiyyatına olduqca böyük zərbə vurar. Çünki Çin karbohidrogen ehtiyatlarına olan tələbatının 50 faizini Körfəz vasitəsi ilə nəql olunan neftin hesabına ödəyir.

“The New York Times” yazır ki, dünya bazarında neftin qiymətinin artması Rusiya üçün əlverişlidir. Sanksiyalara baxmayaraq Rusiya Çinə, Hindistana və bir sıra iri neft emalı zavodlarına neft sata bilir. Rusiya müharibəni davam etdirmək üçün maliyyə vəsaitinə ehtiyac duyur və qiymətlərin artmasından gəlir əldə etmək şansı qazanır.

Paradoksal vəziyyət yaranıb. Körfəzdəki hərbi əməliyyatlar ABŞ-ın bir rəqibinin zərərinə, digər rəqibinin isə xeyrinədir. Prezident D.Trampın da yekun qərarının gecikməsi məhz bu paradoksun nəticəsidir. Bu vəziyyətdən də neft treyderləri yaxşı istifadə edirlər.

Seçilən
67
2
azertag.az

3Mənbələr