AZ

Elektron siqaretlərin qadağan olunması zərurət idi

Son dövrlərdə elektron siqaretlər cəmiyyətin müxtəlif yaş

qrupları arasında sürətlə yayılmağa başlayıb. Siqaretə daha "təhlükəsiz"

alternativ kimi təqdim edilsə də, bu cihazların estetik görünüşü, müxtəlif dad

seçimləri, istifadəsinin rahatlığı və sosial mediada populyarlaşdırılması

onların xüsusilə yeniyetmə və gənclər arasında trendə çevrilməsinə səbəb olub.

Məlumatlara görə, dünyada 13-15 yaş arası 38 milyondan artıq

yeniyetmə elektron siqaretdən istifadə edir. Araşdırmalar göstərir ki, ənənəvi

tütün məhsullarını buraxmaq məqsədilə elektron siqaretə keçənlərin təxminən 80

faizi sonradan bu məhsullardan asılı vəziyyətə düşür.

 

Cərimələr də müəyyən edilir

 

Artıq dünyanın 40-dan çox ölkəsində elektron siqaret qadağan

edilib. Önümüzdəki illərdə bu sayın daha da artacağı gözlənilir. Azərbaycan da

elektron siqaretlə mübarizə aparan ölkələr sırasındadır.

Elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin

qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə

"Tütün və tütün məmulatları haqqında", "Reklam haqqında" və

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında"

qanunlarda dəyişiklik edilməsi barədə hazırlanan qanun layihəsi dekabrın 30-da

Milli Məclisdə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Elektron siqaretlərin və onların komponentlərinin idxalı,

ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına

görə cərimələr də müəyyənləşdirilib. Layihəyə əsasən, aprelin 1-dən elektron

siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə

satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə

obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan

beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min

iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək

məbləğdə cərimə ediləcək.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın sözlərinə

görə, elektron siqaretlərlə bağlı qanunun qüvvəyə minməsi aprelin 1-dən nəzərdə

tutulur. Komitə sədri bildirib ki, qanun pozuntusuna görə sanksiyalar məsələsi

də artıq müzakirə olunur: "Elektron siqaretlər proqnozlaşdırılmayan müəyyən

xəstəliklərin yayılmasına səbəb olur, bu da olduqca zərərlidir. Zahirən təhlükəsiz

görünsələr də, həm kimyəvi tərkibi, həm də gələcəkdə hansı fəsadlara səbəb

olacağı ilə bağlı hər hansı elmi tədqiqat yoxdur. Buna görə də elektron

siqaretlərin qadağan olunması zərurəti yarandı. Bu istiqamətdə irəli sürülən təşəbbüs

Milli Məclisin müvafiq komitələri tərəfindən dəyərləndirilərək qanunda dəyişiklik

təklif olundu".

 

Zərərli vərdişdən yalnız birgə səylə xilas olmaq mümkündür

 

Elektron siqaret aerozollarının tərkibində olan

propilenqlikol, dadlandırıcı maddələr, nitrozaminlər və müxtəlif metallar kimyəvi

oksidləşmə və iltihabi proseslərə səbəb olaraq damarların zədələnməsinə,

laxtalanmaya və koronar arteriyaların spazmına gətirib çıxarır. Nəticədə ürək

damarlarında qan dövranı azalır ki, bu da ürək-damar və xroniki tənəffüs xəstəlikləri

riskini artırır. Alimlər əvvəlki illərdə aparılmış və infarkt üzrə 430875,

insult üzrə isə 1 milyondan çox insanı əhatə edən 12 elmi tədqiqatın nəticələrini

təhlil ediblər. Aydın olub ki, elektron siqaretdən istifadə edən şəxslərdə

infarkt keçirmə ehtimalı istifadə etməyənlərlə müqayisədə 53 faiz daha yüksəkdir.

Xüsusilə əvvəllər ənənəvi siqaret çəkmiş və hazırda elektron siqaret istifadə

edənlərdə riskin daha yüksək olduğu müəyyən edilib. Araşdırmada qeyd olunub ki,

əvvəllər siqaret çəkmiş və sonradan elektron siqaret istifadə edən şəxslərdə

insult riski siqaret çəkməyənlərlə müqayisədə 73 faiz çoxdur.

Xüsusilə yeniyetmə və gənclər arasında elektron siqaret

istifadəsinin yayılması qəbuledilməzdir. Belə ki, yeniyetməlik dövrü şəxsiyyətin

formalaşması baxımından olduqca həssas mərhələdir. Elektron siqaretlər hələ tam

inkişaf etməmiş beyin fəaliyyətinə mənfi təsir göstərərək yaddaş zəifliyi, depressiya,

davranış problemləri və diqqət pozuntularına səbəb olur.

Yeniyetmə və gənclərin elektron siqaret istifadəsinin

qarşısını almaq üçün valideynlər, müəllimlər, səhiyyə mütəxəssisləri və dövlət

qurumları birgə, sistemli və maarifləndirici tədbirlər həyata keçirməlidirlər.

Ailə güclü təsir vasitəsidir. Əgər valideynlər və ya ailənin digər üzvləri

tütün məmulatları və ya elektron siqaret istifadə edirsə, bu davranış yeniyetmə

üçün normal qəbul edilə bilər. Valideyn nəzarətinin zəif olması, uşağın emosional

ehtiyaclarının qarşılanmaması, maraqlı və faydalı fəaliyyətlərin çatışmaması gənclərin

zərərli vərdişlərə yönəlməsini asanlaşdırır.

Həyatda məqsəd, motivasiya və məşğulluq olmadıqda riskli

davranışlara meyil artır. Buna görə də gənclərə maraqlı alternativ fəaliyyətlər,

sağlam həyat tərzi nümunələri və düzgün informasiya təqdim olunmalıdır ki,

onlar bu zərərli vərdişlərdən uzaq dursunlar. İdman və incəsənətlə məşğul olmaq

yeniyetmələrin vaxtlarını səmərəli keçirməsinə kömək edir, eyni zamanda onların

mənəvi və sosial ehtiyaclarını qarşılayır. Gənclərin elektron siqaretə

marağının azalması yalnız bir qurumun səyi ilə mümkün deyil. Bu problem cəmiyyətin

bütün təbəqələrinin birgə fəaliyyəti ilə həll oluna bilər. Maarifləndirmə, dəstək,

alternativ imkanların yaradılması və effektiv nəzarət bu mübarizənin əsas

dayaqlarını təşkil edir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
67
azerbaijan-news.az

1Mənbələr