AZ

NASA keçmiş rəhbərliyi "Starliner" hadisəsinə görə məsuliyyət daşımaqda ittiham etdi

BAKI, 20 fevral. TELEQRAF

ABŞ Kosmik Tədqiqatlar Agentliyi (NASA) keçmiş rəhbərliyi pilotlu "Boeing Starliner" gəmisində baş vermiş hadisəyə görə məsuliyyət daşımaqda günahlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.

Bu hadisə nəticəsində iki ABŞ astronavtı Beynəlxalq Kosmik Stansiyada (BKS) 9 ay qalıb.

Bildirilib ki, 2024-cü ilin iyun ayında Starliner-in bir neçə manevr mühərrikinin sıradan çıxması birinci kateqoriyalı hadisə kimi tanınıb. Belə hadisələr kosmik aparatın itirilməsi, ekipajın həyatını itirməsi və ya 2 milyon ABŞ dollarından artıq zərərə səbəb olan halları əhatə edir. Oxşar hadisələr arasında "Challenger" (1986) və "Columbia" (2003) şatllarının qəzaları göstərilir.

NASA rəhbəri Cared Ayzekman vurğulayıb ki, Starliner həm pilotlu, həm pilotlu olmayan missiyalarda problemlərlə üzləşib. “Boeing gəmini inşa etsə də, NASA onu təsdiqlədi və iki astronavtı kosmosa göndərdi. BKS ilə qoşulma zamanı yaranan texniki problemlər açıq-aydın görünürdü”, – deyə o bildirib.

Ayzekman həmçinin əlavə edib ki, NASA-nın proqramın satınalma mərhələsində məhdud iştirakı agentliyin "Starliner"in sertifikatlaşdırılması üçün kifayət qədər sistem biliklərinə və inkişaf prosesini dərk etməyə imkan verməyib."Boeing"in mühərriklərin layihələndirilməsi və sertifikatlaşdırma yanaşmasının isə ekipajın təhlükəsizliyini təmin edən tələblərlə ziddiyyət təşkil etdiyi vurğulanıb.

Qeyd olunur ki, astronavtlar Berri Yucjin Uilmor və Sunita Uilyams 5 iyun 2024-cü ildə Starliner ilə BKS-ə çatıb. Gəminin manevr mühərriklərinin sıradan çıxması səbəbindən onların Yerə qayıdışı əvvəlcə 26 iyuna, sonra isə qeyri-müəyyən vaxta təxirə salınıb. Starliner 7 sentyabr 2024-cü ildə BKS-dən ayrılıb və altı saat sonra Nyu-Meksiko ştatında eniş edib. Astronavtlar 19 mart 2025-ci ildə SpaceX-in Crew Dragon gəmisində Yerə qayıdıblar.

Seçilən
28
teleqraf.com

1Mənbələr