AZ

“Vaşinqton fürsət tapdığı anda zərbə endirə bilər” – Azad Məsiyev

"ABŞ başda olmaqla İran əleyhinə yaradılmış koalisiyanın əsas məqsədi İranda hakimiyyəti dəyişmək və özlərinə münasib bir hakimiyyət qurmaqdır. Bu, ABŞ-nin uzunmüddətli strategiyasının bir hissəsidir. Bu strategiyanı həyata keçirmək üçün müxtəlif bəhanələr irəli sürülür və bu bəhanələr əsasında siyasi manevrlər edilir. Xatırlatmaq yerinə düşər ki, 12 günlük hərbi əməliyyat zamanı, yəni İsrail ilə birgə aparılan əməliyyatlarda açıq şəkildə görünmüşdü ki, məqsəd İranda hakimiyyəti devirmək, rejim dəyişikliyi həyata keçirməkdir. Görünür, ABŞ-nin bu planı icra edilməlidir. Sonradan İranın sosial vəziyyətinin gərginləşməsi və xalq etirazları ABŞ-nin kəşfiyyat şəbəkəsi tərəfindən yaradılan təxribatlarla əlaqələndirilmiş, nəticədə ABŞ rəhbərliyi açıq şəkildə İrana təzyiq göstərərək, xalq etirazına qarşı güc tətbiqini müdafiə etmişdir. Məqsəd İran dövləti ilə xalq arasında gərginlik yaratmaqdır və bunu bəhanə edərək, hətta Tramp açıq şəkildə hərbi əməliyyatların həyata keçiriləcəyini bildirmişdi. Hazırda ABŞ yeni bir bəhanə gətirərək, İranın uran zənginləşdirməsini ön plana çıxarır və bu məsələdən istifadə edir. Yaxınlarda ABŞ-da İsrailin baş naziri ilə ABŞ prezidenti arasında bir görüş keçirilmişdi. Görüşdə razılığa gəlmişdilər ki, İranın Çinə hərbi və strateji materiallar satmasının, uzaqmənzilli raket istehsalının qarşısı alınsın".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, "The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ İranın siyasi-hərbi rəhbərliyini, nüvə obyektlərini və ballistik raketlərini hədəfə almaq üçün müxtəlif hərbi ssenariləri nəzərdən keçirir. Məlumatda bildirilir ki, Donald Trampa təqdim olunan planlar genişmiqyaslı əməliyyatlardan başlayaraq, yalnız nüvə və raket obyektlərinə yönəlmiş məhdud hava zərbələrinə qədər müxtəlif variantları əhatə edir. ABŞ bölgəyə F-35 və F-22 qırıcıları, əlavə komanda-nəzarət təyyarələri, gücləndirilmiş hava hücumundan müdafiə sistemləri və ikinci aviadaşıyıcı göndərib. Rəsmilər əməliyyatların bir neçə həftə davam edə biləcəyini açıqlayıblar.

Siyasi şərhçi qeyd edib ki, bütün bu addımlar İrana təzyiq göstərmək və ABŞ-nin maraqlarına uyğun bir hakimiyyət qurmaq məqsədilə bəhanə kimi istifadə olunur.

Seçilən
16
aznews.az

1Mənbələr