AZ

AB missiyası Ermənistanda öz işini gücləndirir - Azərbaycana qarşı nə gözlənilir...?



Elşən Manafov: “Monitorinq Missiyasının fəaliyyəti daim qərəzli və obyektivlikdən uzaq olub”

Avropa İttifaqı Şurası Satu Koyvunu Ermənistandakı Aİ Monitorinq Missiyasının rəhbəri təyin edib. Bu barədə Avropa Şurasının bəyanatında bildirilib.

Satu Koyvu vəzifəsinin icrasına fevralın 20-dən başlayacaq və əvvəlki Missiya rəhbəri Markus Ritteri əvəz edəcək. Missiya rəhbəri təyin olunmazdan əvvəl Koyvu Finlandiya Milli Polis Şurasında Espoo Şəhər Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Aİ Şurasının bəyanatında deyilir: “Mülki missiya Aİ-nin Cənubi Qafqaz regionunda sülh və sabitliyi dəstəkləmək səylərinin vacib tərkib hissəsidir. Onun məqsədi Ermənistan və Azərbaycan arasındakı sərhədin Ermənistan tərəfindəki vəziyyəti izləmək və hesabat vermək, eləcə də bu ərazilərdə təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir”.

Aİ missiyası təhlükəsizliyin təmin edilməsi ilə bağlı hansı töhfədən bəhs edir? Məgər onların bu işə hansısa faydası dəyib ki?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Elşən Manafovun fikrincə, Aİ Şurasının Ermənistandakı Monitorinq Missiyasının vəzifəsi ilk baxışda Ermənistanın Azərbaycanla sərhəd xəttində stabilliyin təmin olunmasına nəzarəti həyata keçirmək, tərəflər arasında münasibətlərdə qarşılıqlı etimadı gücləndirmək, yerlərdə vətəndaşların təhlükəsizliyinin təmin olunmasında vasitəçi qismində çıxış etməkdən ibarətdir: “Bu qurum bir qayda olaraq həmişə birtərəfli şəkildə Ermənistanın tərəfini tutub. Bu da zaman-zaman rəsmi Bakının etirazına səbəb olub. Monitorinq missiyasının fəaliyyəti daim qərəzli və obyektivlikdən uzaq olub. Onlar Azərbaycanla həmsərhəd bölgələrdə ölkəmiz üçün önəmli strateji və təhlükəsizlik dəyərlərinə malik informasiyanı öyrənib, qarşı tərəfin kəşfiyyat qurumlarının nəzərinə çatdırmaqla məşğul olub. Bununla əlaqədar isə rəsmi Bakı dəfələrlə diplomatik konteksdə öz etirazlarını bildirib. Vaşinqton razılaşmalarından sonra münaqişə tərəfləri arasındakı münasibətlər tədricən sülh müstəvisi üzərinə keçib”.

Politoloq hesab edir ki, Aİ-nin əsas məqsədi bölgəyə təsir imkanlarının saxlanılmasını təmin etməkdən ibarət olub: “Zəngəzur dəhlizi ətrafında əldə edilmiş razılıqlar Avropadan keçən məhsulların Azərbaycan uzərindən transferini nəzərdə tutur ki, bu da Avropa ilə münasibətlərdə transfer məhsullarının Rusiya ərazisindən yan keçməklə tranzitini həyata keçirməkdən ibarətdir. Aİ ABŞ-ın Cənubi Qafqazda getdikcə artmaqda olan nüfuzuna qısqanclıqla yanaşır. Həmçinin Rusiyanın ambisiyalarından narahatdır. Aİ-nin münaqişənin tənzimlənməsi və nizama salınması ilə bağlı məsələlərdə nüfuzu ABŞ-ın hadisələrə müdaxiləsi nəticəsində aşağı düşməkdədir. Bu mənada Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyəti onun da, geosiyasi çəkiyə malik oyunçu olduğunu xatırlatmaq istəyindən başqa bir şey deyil”.

Vidadi ORDAHALLI

Seçilən
15
baki-xeber.com

1Mənbələr