AZ

Rusiya Ukrayna danışıqlarında ərazi güzəşti mümkündürmü? Deputat DANIŞDI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Cenevrədə keçirilən Rusiya-Ukrayna danışıqlarının hər hansı bir nəticə ilə yekunlaşacağını proqnozlaşdırmaq hələ tezdir. Çünki diplomatik masa üzərinə qoyulan təkliflər mahiyyət etibarilə bir-birinə zidd mövqelərdən ibarətdir".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Cenevrədə keçirilən Rusiya-Ukrayna danışıqlarından danışarkən bildirdi.

"Bir tərəfdən Rusiyanın Ukrayna ərazilərini ilhaq edərək öz tərkibinə qatmaqla bağlı mövqeyi kifayət qədər qətidir və rəsmi Moskva artıq həmin əraziləri öz ərazisi kimi təqdim edir. Digər tərəfdən isə Ukraynanın mövqeyi ondan ibarətdir ki, ölkə ərazisinin güzəştə gedilməsi ilə bağlı heç bir səlahiyyətli şəxsin, o cümlədən prezidentin hüquqi yurisdiksiyası yoxdur. Belə qərar yalnız xalqın iradəsi əsasında qəbul edilə bilər. Bu baxımdan kompromis və ya yumşaq mövqenin formalaşması yalnız digər şərtlər üzrə razılaşma əldə olunduqdan sonra, mümkün referendum məsələsinin gündəmə gətirilməsi ilə real görünə bilər", - deyə o vurğuladı.

Millət vəkilinin fikrincə, mövcud ictimai rəy fonunda Ukrayna cəmiyyətinin belə bir addıma hazır olduğu inandırıcı deyil:

"Uzun müddətdir davam edən ağır müharibədən sonra Ukrayna vətəndaşlarının hər hansı ərazi güzəştinə razılıq verməsi ehtimalı olduqca aşağı qiymətləndirilir. Bu səbəbdən də müharibənin yaxın perspektivdə başa çatması real görünmür. Münaqişənin yekunlaşması üçün tərəflərdən birinin hərbi-siyasi baxımdan ciddi nəticə ilə üzləşməsi zərurəti yarana bilər. Əks halda, qarşılıqlı ərazi iddialarının davam etməsi ehtimalı yüksək olaraq qalır. Lakin indidən aydın olan məqam ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi necə və hansı şərtlərlə başa çatmasından asılı olmayaraq, bu proses iki xalq arasında münasibətlərə uzunmüddətli və dərin təsir göstərib. Bu da münaqişənin ən mühüm və qalıcı nəticələrindən biri kimi qiymətləndirilə bilər".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
redaktor.az

2Mənbələr