AZ

Vahid Məhərrəmov: Pambığı yalnız xammal kimi deyil, emal edib son məhsula çevirəcək səviyyədə istehsal etməliyik

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar ayında Azərbaycan 11 milyon 441 min ABŞ dolları dəyərində 8 min 787 ton pambıq lifi (mahlıc) ixrac edib. Bizimyol.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 156 min ABŞ dolları (23,2 %), həcm baxımından isə 2 min 255 ton (34,5 %) çoxdur. Hesabat dövründə pambıq lifinin ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % azdır. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 26,4 %, idxal isə 36,5 % azalıb. Nəticədə xarici ticarətdə 934 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,3 % azdır.

Pambığın ixrac payını artırmaq üçün əsas addım nə olmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, pambıqdan istehsal olunan son məhsulları xarici bazarlara satmağımıza heç bir qadağa yoxdur: “Biz pambıq istehsal edirik və son vaxtlar bu sahəyə nisbətən maraq yaranıb. Bu, kəndlilərimizin və fermerlərin digər məhsullarını satmaqda bazar problemi ilə üzləşməsi ilə bağlıdır. Kənd təsərrüfatı məhsulları tez xarab olur və vaxtında satılmadıqda zərər yaranır. Buna görə də pambıq istehsalı və digər texniki bitkilərin yetişdirilməsi ilə məşğul olurlar. Bu həm məşğulluq yaradır, həm də əlavə gəlir mənbəyi təmin edir.

Biz pambıqdan necə daha çox gəlir əldə edə bilərik?

Biz pambıq lifini xaricə ixrac edirik. Həmin ölkələr isə bu xammaldan parça, geyim və digər tekstil məhsulları istehsal edirlər. Yəni onlar əlavə dəyər yaradır və daha çox qazanc əldə edirlər. Biz isə xammal ixrac edirik. Dəfələrlə, pambıqçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul ediləndə qeyd edirik ki, pambığı yalnız xammal kimi deyil, emal edib son məhsula çevirəcək səviyyədə istehsal etməliyik. Məqsəd daha çox gəlir əldə etməkdir. Fermerlərin və kəndlilərin də marağında olar ki, məhsul ölkə daxilində emal olunsun və son məhsul istehsal edilsin. Onsuz da bizim ixrac etdiyimiz pambıq lifindən hazırlanan məhsullar dünya bazarında tələb olunur. Biz də həmin məhsulları istehsal edə bilərik. Bizə bu imkan verilib. Dünyanın təxminən yüz ölkəsində pambıq istehsal olunur və biz də bu sıradayıq. Bu fürsətdən daha səmərəli istifadə etmək mümkündür.

Əgər biz xammal yox, son məhsul ixrac etsək, hazırda ümumi ixracda 0,5 % paya malik olan pambıq məhsulları gələcəkdə 5 % və daha çox paya sahib ola bilər. Bu sahəyə məsul qurumlar bunu ciddi şəkildə dəyərləndirməlidirlər.

Nə vaxta qədər biz xammal ixrac edəcəyik?

Qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, alternativ sahələrə yönəlməliyik. Nefti xammal kimi ixrac edirik, çünki başqa imkanımız məhduddur. Amma pambıqdan istehsal olunan son məhsulları xarici bazarlara satmağımıza heç bir qadağa yoxdur.

Son bir neçə ildə dəfələrlə qeyd olunur ki, ölkəyə daha çox valyuta gətirəcək istehsal sahələri axtarılır. Pambığın emalı və tekstil sənayesinin inkişafı da bu istiqamətdə real imkanlardan biridir. Bunun nümunələri də mövcuddur”.

Vahid Məhərrəmov

“Özbəkistan prezidenti gələndən bir neçə il sonra belə qərara gəldi ki, Özbəkistan xammal satışı ilə məşğul olmayacaq: Uzun illərdir bu barədə danışırıq. Özbəkistanın indiki prezidenti gələndən bir neçə il sonra belə qərara gəldi ki, Özbəkistan xammal satışı ilə məşğul olmayacaq. Özbəkistan özü parça, paltar və digər pambıq məhsullarını istehsal edəcək, daha çox qazanc əldə etmək, eyni zamanda ölkə əhalisinin sosial durumunu yaxşılaşdırmaq və yeni iş yerləri yaratmaq məqsədi daşıyır. Hətta bu gün Özbəkistan yalnız xammal istehsal edib ixrac etmir, eyni zamanda Amerikadan daha keyfiyyətli xammal da idxal edir, onu emal edir və son məhsul əldə edir. Beləcə əlavə dəyər yaradır və eyni zamanda daha çox qazanc əldə edir. Bax, müdriklik buradadır. Biz əvvəllər də bunu deyirdik, amma bizi eşitmirdilər. İndi isə bu, uğurlu nümunədir”-deyə Vahid Məhərrəmov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
bizimyol.info

1Mənbələr