Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son dövrlər səhiyyə sahəsində aparılan yoxlamalar göstərir ki, lisenziyalaşdırma və sertifikasiya prosesləri ciddi nəzarətə götürülüb.
Rəsmi qurumlar bildirir ki, yeni qanun layihələri və normativ sənədlər mərhələli şəkildə icra olunur. Lakin bütün bu addımlara baxmayaraq, cəmiyyətdə narazılıq səngimir, yəni keyfiyyətli müalicə ala bilmədiklərindən şikayətlənirlər.
Ən müasir xəstəxanalar, yüksək maaşlı mütəxəssislər və milyonlarla manatlıq tibbi avadanlıqlar fonunda belə, aztəminatlı vətəndaşlar keyfiyyətli tibbi xidmətə çıxışda çətinlik çəkdiklərini bildirirlər. İmkanlı pasiyentlər isə müalicə üçün xarici ölkələrin klinikalarına üz tuturlar.
Bu problemin kökündə nə dayanır? Əsas problem idarəetmədə, nəzarət mexanizmlərində, peşəkar yanaşmada, kadrlarda, yoxsa sistem boşluqlarındadır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda həm kadr potensialı, həm də avadanlıq baxımından müəyyən irəliləyişlər var, lakin vətəndaş bu inkişafdan fayda görmürsə, deməli, problem resurs çatışmazlığında deyil:

“Ümumilikdə müqayisəli yanaşsaq, son illər neft bumundan sonra Azərbaycanda həm dövlət, həm də özəl sektor üzrə xeyli yeni avadanlıqlar alınıb, maddi-texniki baza əhəmiyyətli dərəcədə möhkəmləndirilib və xaricdə təhsil almış çox sayda kadrlar gəlib. Yəni istər kadr bazasında, istər avadanlıq, istərsə də maddi-texniki bazada irəliləyişlər var. Amma vətəndaş bundan real fayda görmürsə, deməli, işin təşkilində qüsurlar var”.
O qeyd edib ki, birinci əsas məsələ səhiyyə idarəçiliyində vahidliyin pozulmasıdır: “Birinci əsas məsələ kimi TƏBİB ilə Səhiyyə Nazirliyinin ayrılması vahid idarəçiliyə mane oldu. Vahid rəhbərlik olmadıqda icra strukturlarında bu cür ikitirəlik yaranır və sonda bu öz nəticəsini göstərir.
Xəstəxanaların bir qismi TƏBİB-ə, digər qismi isə nazirliyə tabedir. Bax bu, birinci problemdir. Səhiyyə kimi strateji sahədə vahid və koordinasiyalı idarəçilik sistemi olmalıdır. Digər mühüm məsələ tibbi fəaliyyətin sistemsizliyidir.
Məsələn, təşəbbüslər, həkimlərin “mənim üsulum” prinsipi ilə fəaliyyət göstərməsi və s. olmaz. Təbabət konkret klinik protokollar əsasında qurulmalıdır. Bu, dünyanın hər yerində belədir. Onun üçün də Azərbaycan səhiyyəsi tam şəkildə sistemə salınmalıdır, bütün proseslər şəffaf və ictimaiyyətə açıq olmalıdır. Nə qədər ki, bu problemlər həll olunmayıb, mən sizi inandırım, kadr bazası və avadanlıq sayı ikiqat artsa belə, narazılıq yenə qalacaq”.
Adil Qeybullanın sözlərinə görə, elə bir şərait yaranmalıdır ki, Bakı və regionadakı səhiyyənin arasında ciddi fərq olmasın:
“Xaricdə çalışan həkimlərin ölkəyə qayıtmaması da təsadüfi deyil. Əgər onların xaricdə iş şəraiti və qazancı yaxşıdırsa, buraya niyə gəlsinlər? O halda gələ bilərlər ki, onların əməyinə adekvat qiymət verilsin. Məsələ bundan gedir.
Vaxtilə bir qrup gəlmişdi. Onlar özəl sektorda və s. çalışır. Amma icbari tibbi sığorta sistemi elə qurulmalıdır ki, həm dövlət, həm də özəl sektorun potensialından, bütün imkanlarından istifadə olunsun. Məsələ budur. Bu sistem çərçivəsində çalışan həkimlərin sabit və təminatlı maaşı olmalı, onların fəaliyyəti sığorta mexanizmi ilə real şəkildə qorunmalıdır, şəraitləri olmalıdır.
Elə bir şərait yaranmalıdır ki, bölgələrlə paytaxt arasında səhiyyə xidmətləri baxımından ciddi fərq olmasın”.
Professor vurğulayıb ki, vətəndaş sadəcə alternativi olmadığı üçün mövcud sistemdən istifadəyə məcbur qalır.
“Digər diqqətçəkən məqam isə etimad məsələsidir. Bilirsiniz ki, imkanlı şəxslər əsasən məmurlardır. Məmurlar da özlərinin qurduğu səhiyyə sisteminə etibar etmirsə, bu özü bir paradoksdur. Onlar gərək özləri nümunə göstərsinlər. Deməli, özləri bu səhiyyəyə güvənmirlər, vətəndaş necə güvənsin? Vətəndaş sadəcə olaraq çarəsizdir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
xaricdə müalicə Adil Qeybulla
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.