AZ

İki Azərbaycan vətəndaşı Böyük Britaniyanın fəxri mükafatına layiq görüldü

İlk dəfə olaraq iki Azərbaycan vətəndaşı Böyük Britaniyanın fəxri mükafatına layiq görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın Bakıdakı səfirliyinin sosial şəbəkədəki paylaşımında qeyd olunub.

"BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Britaniya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə bu fəxri mükafata layiq görülüb. O, BP şirkətində tərəfdaşlıq münasibətləri qurаraq Azərbaycanda müsbət iqtisadi, sosial və mədəni təsirin yaradılmasına töhfə verib", - paylaşımda qeyd olunub.

Diplomatik missiyadan həmçinin qeyd edilib ki, Nərgiz Hacıyeva isə təhsil sahəsində, eləcə də Böyük Britaniya–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə fəxri mükafatla təltif olunub.

"Onun Britaniya Şurasındakı fəaliyyəti hər iki ölkə üçün nəsillər boyu fayda verəcək təhsil və mübadilə imkanlarının yaradılmasına mühüm töhfə verib. Azərbaycan-Britaniya tərəfdaşlığının möhkəmləndirilməsinə verdikləri dəyərli töhfəyə görə onlara təşəkkür edir və bu əlamətdar nailiyyət münasibətilə təbrik edirik!", - paylaşımda vurğulanıb.

Seçilən
23
2
bakivaxti.az

3Mənbələr