Olke.az saytına istinadən ain.az xəbər verir.
“Qlobal siyasət yeni transformasiya mərhələsinə daxil olur. Beynəlxalq təşkilatların effektivliyinin azalması fonunda yeni təhlükəsizlik platformalarının formalaşması artıq qaçılmaz prosesə çevrilib. Bu dəyişikliklərin mərkəzində isə Bakı və Azərbaycan dayanır. Yeni reallıqda Azərbaycan regional aktordan qlobal siyasi proseslərin fəal iştirakçısına çevrilir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Prezident İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclaısnda iştirakını şərh edərkən deyib.
Onun sözlərinə görə, uzun illər beynəlxalq sistemin əsas sütunu sayılan BMT artıq qlobal böhranların həllində effektiv mexanizm kimi qəbul edilmir. “Münaqişələrin artması, selektiv yanaşma və icra olunmayan qərarlar yeni alternativlərin yaranmasını sürətləndirdi.
Məhz bu boşluğun fonunda ABŞ Prezidenti Donald Trump tərəfindən irəli sürülən Sülh Şurası təşəbbüsü yeni təhlükəsizlik arxitekturasının formalaşmasının başlanğıcı kimi qiymətləndirilir. Bu platforma qlobal böhranların operativ həlli üçün alternativ mexanizm rolunu oynamağa iddialıdır”, - o qeyd edib.
Azərbaycanın yüksələn qlobal rolu
Deputat əlavə edib ki, yeni təhlükəsizlik platformasında Azərbaycanın iştirakı təsadüfi deyil: “Bu, uzun illər yürüdülən çoxvektorlu xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən formalaşdırılan xarici siyasət kursu ölkəni Qərb və Şərq arasında etibarlı tərəfdaşa çevirib.
Azərbaycan artıq qlobal güclər masasındadır. Yeni dünya düzəninin qurucuları arasında yer alır. Qlobal təhlükəsizlik sisteminə inteqrasiya olunur. Bu, ölkənin beynəlxalq siyasətdə çəkisinin artmasının real göstəricisidir.
Enerji təhlükəsizliyi: Avropa üçün strateji tərəfdaş
Azərbaycanın qlobal rolunun artmasının əsas səbəblərindən biri enerji diplomatiyasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu son illərdə daha da güclənib. Enerji marşrutlarının şaxələndirilməsi Avropa üçün strateji əhəmiyyət daşıyır və Bakı bu prosesdə əsas tərəfdaş kimi çıxış edir.
Bu faktor Azərbaycanı yalnız regional deyil, həm də qlobal təhlükəsizlik sisteminin vacib iştirakçısına çevirir.
Yaxın Şərqdə sabitlik və vasitəçi rol
Azərbaycanın diplomatik fəallığı Yaxın Şərqdə də özünü göstərir. Region ölkələri ilə qurulan əməkdaşlıq və qarşılıqlı etimad Bakının sülh təşəbbüslərində iştirakını gücləndirir. Sülh Şurasının ilkin gündəliyində Qəzzanın bərpası məsələsinin yer alması Azərbaycanın bu prosesdə rolunu daha da aktuallaşdırır.
Şərqlə Qərb arasında körpü
Azərbaycanın əsas geosiyasi üstünlüyü balans siyasətidir. Bakı Qərblə strateji tərəfdaşlıq qurur, Şərq ölkələri ilə əməkdaşlığı genişləndirir, regional sabitlik təşəbbüslərində iştirak edir. Bu balans siyasəti Azərbaycanı yeni dünya nizamında körpü roluna yüksəldir”.
Cənubi Qafqazda sülhün təminatçısı
Deputat əlavə edib ki, Azərbaycan artıq Cənubi Qafqazda təhlükəsizlik və sabitlik proseslərinin əsas aktorudur: !”Regional sülh gündəliyinin formalaşmasında Bakının rolu beynəlxalq səviyyədə qəbul edilir. Bu faktor Azərbaycanın qlobal platformalarda iştirakını daha da legitimləşdirir.
Bakı yeni geosiyasi mərhələnin mərkəzində
Sülh Şurasının yaradılması qlobal siyasətdə yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə Azərbaycan yeni təhlükəsizlik mexanizmlərinin iştirakçısıdır. Qlobal diplomatiyanın yeni ünvanlarından biridir. Böyük güclərlə eyni masada əyləşən aktora çevrilir”.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.