AZ

Gənc startapçı: Biz təhsili interaktivləşdirməyi hədəfləmişik

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 19 fevral, Günel Türksoy, foto Səfiyar Məcnun, AZƏRTAC

Biz "Diyar" layihəsi ilə təhsili interaktivləşdirməyi hədəfləmişik. Yaratdığımız oyun motoru vasitəsilə ona yaxın modul hazırlamışıq. Belə ki, bu oyun motoru vasitəsilə orta məktəbdə təhsil alan şagirdlər xəritələri daha yaxşı mənimsəyə bilərlər. Onlar xəritədə regionları və onların yerləşməsini, marşrutları, bölgələr haqqında məlumatları platforma vasitəsilə əldə edə bilərlər. Beləliklə, biz şagirdləri sinifdəki passiv dinləyici statusundan çıxarıb, onları prosesin aktiv iştirakçısına çevirməyi hədəfləyirik. Hazırda layihəmiz diyar.com.az saytında aktivdir və istifadəçilər platformadan yararlana bilərlər.

Bunu AZƏRTAC-a açıqlamasında IV “TUSİ” inkubasiya proqramının iştirakçısı, Bakı Ali Neft Məktəbinin məzunu və “Diyar” layihəsinin müəllifi Elçin Bayramlı deyib.

O, layihənin ilkin model olaraq işlək olduğunu, lakin tam istifadəyə verilmədiyini qeyd edib: “Mənim məktəb illərindən etibarən coğrafiya fənninə xüsusi marağım var. İnternetdə interaktiv xəritə oyunlarını oynayarkən gördüm ki, Azərbaycan üzrə belə bir oyun platforması yoxdur. İlk olaraq, Azərbaycan xəritəsi üzərində bir oyun qurmağa çalışdıq və layihə bu səviyyəyə gəlib çatdı. Hazırda 10-a yaxın oyun modulumuz aktivdir”, - deyə gənc proqramçı qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib. Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda, tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
azertag.az

2Mənbələr