İlk dəfə olaraq iki Azərbaycan vətəndaşı Böyük Britaniyanın fəxri mükafatı ilə təltif olunub. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya-Azərbaycan münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə bu fəxri mükafata layiq görülüb. O, bp şirkətində tərəfdaşlıqlar quraraq Azərbaycanda müsbət iqtisadi, sosial və mədəni təsirin yaranmasına töhfə verib. “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva təhsil sahəsində, eləcə də Böyük Britaniya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə fəxri mükafatla təltif olunub. Onun Britaniya Şurasındakı fəaliyyəti hər iki ölkə üçün nəsillər boyu fayda verəcək təhsil və mübadilə imkanlarının yaradılmasına mühüm töhfə verib. Qeyd edək ki, fəxri mükafatlar görkəmli nailiyyətlərin və xidmətlərin tanınmasıdır. Onlar Uinston Çörçill kimi siyasətçilərə, Devid Bekhem və Adel kimi idman və mədəniyyət xadimlərinə, həmçinin dövlət qulluqçularına verilir. Mükafatlar Kral III Çarlz tərəfindən təsdiqlənir.