Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 5 oktyabr 2015-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nda dəyişiklik edib.
Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Unikal"a açıqlamasında bildirib ki, bu dəyişiklik sırf texniki məsələdir. Onun sözlərinə görə, əvvəl müddət yox idi:
"Qərarda da bu məsələ qeyd olunub. Əvvəl müddət nəzərdə tutulmadığı üçün sənəd gedib aylarla Daşınmaz Əmlakın Kadastrı və Reyestri İdarəsində qalırdı. İndi qərardakı dəyişikliyə görə, 15 gün müddət müəyyən olunub. Həmin müddətdə qurum yer quruluşu ilə bağlı araşdırmanı aparır, torpağın vətəndaşa aid olub-olmadığını müəyyən edir. Əgər müəyyən edirsə, buna dair rəy verir və sənəd təqdim edir. Bundan sonra sənədlər qeydiyyata gedir. Müəyyən etmirsə, bununla bağlı əsaslandırılmış imtina məktubu verir və müayinə aktına əlavə olunur. Bunun sənədsiz evlərə aidiyyəti yoxdur.
Əgər sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı vahid qərar olmasa, ayrı-ayrı normativ hüquqi aktlara, Nazirlər Kabinetinin qərarlarına, sərəncamlarına müəyyən əlavələr etməklə bu prosesi köklü şəkildə həll etmək mümkün olmayacaq. Hesab edirəm ki, bunun "əmlak amnistiyası" kimi təqdim olunması doğru yanaşma deyil. "Əmlak amnistiyası" o halda olardı ki, heç olmasa bu qərar nəticəsində mövcud sənədsiz evlərin ən azı 40-50 faizi sənədləşərdi".
Anar Kəlbiyev