AZ

Bağbanlar şitilləri niyə südlə sulayır? - Maraqlı ARAŞDIRMA

Təcrübəli bağbanlar şitillərin zərərvericilərdən və göbələk xəstəliklərindən qorunması üçün kimyəvi vasitələr əvəzinə adi süddən istifadə edirlər. Son illər təbii üsullara marağın artması bu metodun yenidən populyarlaşmasına səbəb olub.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, süd məhlulu yarpaqların üzərində nazik qoruyucu təbəqə yaradır. Südün tərkibindəki zülal və laktoza göbələk infeksiyalarının, xüsusilə də rütubətli mühitdə sürətlə yayılan unlu şeh xəstəliyinin inkişafı üçün əlverişsiz şərait formalaşdırır.

Qeyd olunur ki, süd birbaşa müalicə vasitəsi deyil, lakin profilaktik təsir göstərir və şitillərin ümumi davamlılığını artırır. Bununla belə, mütləq şəkildə durulaşdırılmış süd istifadə edilməlidir. Qatı süd yarpaqlarda yapışqan qat yarada və həşəratları cəlb edə bilər.

Adətən 10-20 faiz konsentrasiyalı məhlul hazırlanır. Bəzi bağbanlar antiseptik təsiri gücləndirmək üçün qarışıma bir neçə damcı yod da əlavə edirlər, lakin yodun həddindən artıq istifadəsi bitkilərə zərər verə bilər.

Süd məhlulu həm də yarpaqüstü qidalanma rolunu qismən yerinə yetirir və şitillərin inkişafını dəstəkləyir. Çiləmə işlərinin səhər və ya axşam saatlarında aparılması tövsiyə olunur.

Bu üsul xüsusilə pomidor, xiyar, bibər və kələm kimi göbələk xəstəliklərinə həssas bitkilər üçün effektiv hesab edilir. Bağbanların fikrincə, müntəzəm tətbiq nəticəsində şitillər daha möhkəm və dayanıqlı olur.

Nuriyyə NATİQQIZI

Seçilən
88
redaktor.az

1Mənbələr