AZ

Tramp Sülh Şurasını qurur, Makron Dehliyə üz tutur Qlobal oyun başlayır!

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda öz adını verdiyi Sülh İnstitutunda Sülh Şurasının ilk iclasına ev sahibliyi edəcək. Sülh Şurası yanvarda Davos İqtisadi Forumu çərçivəsində təsis olunub”.

Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, şuranın təsis iclasına Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilib:

“Ağ Ev sahibi təşkilata üzv dövlətlər vasitəsilə Qəzzada yenidənqurma fəaliyyətləri və humanitar yardımlara 5 milyard dollardan çox vəsait toplamağı planlaşdırır. BMT-də olduğu kimi Sülh Şurasının daimi üzvlərinin də veto hüququ olacaq. Qəzza zolağının yenidən qurulması üçün 1 milyard dollar ödəməyən dövlətlər 3 il ərzində təşkilatda qeyri-daimi üzv statusuna malik olacaqlar.

Maraqlıdır ki, ABŞ xaricində BMT-nin digər daimi üzvləri - Rusiya, Çin, Fransa və Böyük Britaniya Sülh Şurasında təmsil olunmur. Almaniya və Hindistan da yeni təşkilatlda yoxdur. Buna baxmayaraq, Avropa İttifaqının nümayəndəsi Vaşinqton toplantısında iştirak edəcək. Çünki Tramp toplantıya qatılmayanları Qəzzanın yenidən qurulmasında iştirakına imkan verməyəcəyi ilə hədələyib. Avropa İttifası isə bunda iştirak etmək istəyir. Bu iştirak Avropa İttifaqına Yaxın Şərqdə mövqelərini qorumağa imkan verir.

Fransa Prezidenti Emmanuel Makron yeni təşkilata ən sərt münasibət bildirənlərdəndir. “Fransa çoxtərəfli nizamı pozan və təhlükəsizliyi sövdələşmə predmetinə çevirən strukturlarda iştirak etməyəcək. Biz qapalı klublara deyil, BMT-nin legitimliyinə inanırıq”, - deyən Makron Vaşinqtonun əvəzinə Dehliyə səfər edib. Makron Dehlidə süni intellekt sammitinə qatılıb. Cənubda keçirilən ilk süni intellekt toplantısına 20-dən çox dövlət başçısı, 60 nazir və 500 qlobal süni intellekt lideri qatılıb”.

Elxan Şahinoğlu qeyd edib ki, Fransa Prezidenti Hindistan Baş naziri Narendra Modi ilə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi mövzularını da müzakirə edib:

“Fransa Hindistana qırıcı təyyarələr satmaq istəyir. Söhbət 35 milyard dollar dəyərində 114 ədəd “Rafale” qırıcısının satılması perspektivindən gedir. Bu, Hindistan tarixində ən böyük müdafiə müqaviləsi hesab olunur. Ancaq tərəflər hələ qiymət məsələsində razılığa gəlməlidir. Çin və Pakistanla münasibətlərdə gərginlik yaşayan Hindistan dünyanın ən böyük silah idxalçılarından sayılır. Bu mənada, Hindistanın hava qüvvələrinin modern təyyarələrə ehtiyacı var. Makron Hindistanın qlobal innovasiya və idarəetmə sahəsində artan roluna da diqqət çəkib. Buna misal olaraq, dünyanın aparıcı texnologiya şirkətlərinə hindistanlı rəhbərlər başçılıq etdiyini göstərib.

Beləliklə, Vaşinqtonda Sülh Şurasının gələcək planları müzakirə edilərkən və ABŞ bu yolla ətrafında strateji tərəfdaş qrupu formalaşdırarkən, Paris Dehli ilə strateji əlaqələri gücləndirməyə qərar verib. Paris Dehli ilə ittifaq çərçivəsində Hind-Sakit okean strategiyasını gücləndirməyə çalışır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
sherg.az

5Mənbələr