AZ

Ştaynmayer Almaniyada 2036 Olimpiadasının keçirilməsinə qarşı çıxıb

ain.az bildirir, Bizimyol portalına istinadən.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkədə 2036-cı il Yay Olimpiya Oyunlarının keçirilməsinə qarşı olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Ştaynmayer İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Almaniyanın rəsmi nümayəndə heyətinə rəhbərlik edib. O, oyunların yenidən Almaniyada təşkil olunmasını dəstəkləsə də, bunun 2036-cı ildə baş tutmasını məqsədəuyğun saymır.

“Prezident hesab edir ki, 2036-cı il Almaniyanın namizədliyi üçün tarixi baxımdan problemli tarixdir. O, oyunların Almaniyada 2040 və ya 2044-cü illərdə keçirilməsinə ümid edir”, – deyə federal prezident administrasiyasının nümayəndəsi nəşrə bildirib.

Nəşrin xatırlatdığına görə, Almaniyanın hazırladığı müraciət ətrafında mübahisələr 1936-cı ildə keçirilmiş Olimpiya Oyunları ilə bağlıdır. Həmin il oyunlara nasist Almaniyası ev sahibliyi etmişdi və Adolf Hitler rejimi bu tədbirdən təbliğat məqsədilə istifadə etmişdi. Buna görə də alman siyasətçilər oyunların düz 100 il sonra – 2036-cı ildə yenidən ölkədə keçirilməsi ideyasını tənqid edirlər.

Bundan əvvəl Berlin, Hamburq, Münhen və Reyn-Rur regionu 2036, 2040 və ya 2044-cü illərdə Olimpiadaya ev sahibliyi etməkdə maraqlı olduqlarını bildirmişdilər. Gözlənilir ki, Almaniya Olimpiya İdman Konfederasiyası cari ilin oktyabr ayınadək ölkə üzrə vahid namizədi müəyyənləşdirəcək.

Almaniya hökuməti isə 2025-ci ildə 2040-cı ildə oyunların keçirilməsini dəstəklədiyini açıqlayıb. Almaniyada Yay Olimpiya Oyunları 1936-cı ildən başqa yalnız bir dəfə – 1972-ci ildə Münhendə təşkil olunub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr