Cenevrədə baş tutan danışıqlar bir daha göstərdi ki, beynəlxalq münaqişələrin həlli sadə proses deyil və burada maraqlı tərəflərin mövqeləri bir-birindən ciddi şəkildə fərqlənir. Hər bir ölkənin öz geosiyasi maraqları və strateji hədəfləri vardır və bu, dialoqun nəticələrinin qeyri-müəyyən olmasına səbəb olur. Bu kontekstdə Rusiya nümayəndə heyətinin danışıqların ilk günü ilə bağlı açıqlama verməkdən imtina etməsi həm simvolik, həm də strateji mesajdır.
Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, burada bir paralel sadəcə özünü nümayiş etdirir:
“Yəni Amerika ilə İran arasında gedən danışıqlar da məhz bu qəbildəndir. Faktiki olaraq tərəflər masa arxasına barışmaz mövqelərlə yanaşırlar və belə olduğu halda konsensusun tapılması demək olar ki, müşkül məsələyə çevrilir. Mən elə düşünürəm ki, faktiki olaraq Cenevrədə, Intercontinental otelində gedən danışıqlarda Moskva ilə Kiyev sanki Qərbin moderatorluğu, Amerika Birləşmiş Ştatlarının moderatorluğu ilə görüş aparır, amma burda dördüncü tərəf var ki, o, qəti surətdə orta məxrəcin tapılmasında maraqlı deyil. Söhbət Avropadan gedir. Almaniya, Böyük Britaniya və bir qədər də Fransa ciddi-cəhdlə çalışırlar ki, müharibə davam etsin.
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının yanaşması bir qədər fərqlidir:
“Tramp öz sülh konsepsiyasına söykənərək bildirir ki, müharibənin uzanması heç bir müsbət dəyişiklik vəd etmir, bu səbəbdən proses başdan dayandırılmalıdır ki, masa arxasında tərəflər bir-birlərini eşidə bilsinlər. Amma sual yaranır ki, bunlar bir-birlərini eşitmək istəyirlərmi, yoxsa yox? Çox güman ki, yox. İlk növbədə mən Kiyevin mövqeyini vurğulardım ki, Kiyev sırf Qərbi Avropanın dəstəyi ilə hərəkət etdiyindən sülh barədə ciddi eşitmək istəmir. Bəli, eşidir, bəzən razılaşır, amma əsas hərəkətlər sözlərdən fərqlidir. Ritorikada bolluq olsa da, konstruktiv yanaşma sahəsində qıtlıq var.
Faktiki olaraq müharibə Rusiya ilə Qərb arasında, Ukrayna isə sadəcə meydandır və artıq dörd ildir davam edir. Avropanın radikal sağçı qüvvələri hətta Rusiyaya qarşı hərbi hazırlığı tələb edir. Almaniya, Böyük Britaniya, digər aparıcı qüvvələr və NATO-nun baş katibi Rusiya ilə hərbi qarşıdurmaya hazır olmağı çağırır. Bu çağırışlar gündəmdədir və dünya yeni narahatlıq dalğasını yaşayır. Əgər vəziyyət davam edərsə, Abserasiya məkanında yeni qarşıdurma meydanları da yarana bilər. Amerika ilə İran arasında olan qarşıdurma da Avrasiya məkanına təsir edir və burada artıq qlobal müharibənin işartıları görünür.
Çox həyəcan verici situasiyadır və əgər diplomatiya bu proseslərdə fəal rol oynamasa, ən pis ssenari qaçılmaz olacaq. Yaxşı olar ki, diplomatlar və siyasətçilər bu məsələlərlə yaxından məşğul olsunlar. Siyasi leksikonda belə bir deyim var: işlər müharibəyə gəlibsə, deməli siyasətçilər ciddi səhvlər etmişdirlər”,-deyə sonda politoloq qeyd edib.
//Gülnarə Abasova, Editor.az