AZ

Odessada kofe dəyirmanlarından ibarət mini muzey yaradan soydaşımız: Kolleksiyada 500-dən artıq eksponat var

Kiyev, 19 fevral, AZƏRTAC

Müharibə şəraitinə baxmayaraq, Ukraynada yaşayan soydaşlarımız, diaspor fəallarımız bir sıra layihələr həyata keçirirlər. Onlardan biri də bu ölkədə fəaliyyət göstərən “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyevdir.

AZƏRTAC xəbər verir ki, Ayaz Əliyev Odessada həm də kolleksiyaçı kimi tanınır. O, kofe dəyirmanlarından ibarət mini muzey yaradaraq, odessalıların istifadəsinə verib.

“Kofe dəyirmənlarını toplamağımın əsas səbəblərindən biri odur ki, 10 ildən artıqdır Ukraynada türk kofesinin təbliği ilə məşğulam. 5 il bundan əvvəl isə məndə kofe dəyirmanlarının kolleksiyasının yaradılması fikri yarandı. Artıq kolleksiyada 500-dən artıq eksponat var. Gələcəkdə isə Odessada yerləşən “Birlik” diaspor təşkilatının binasında daha böyük formada kofe dəyirmanlarının muzeyinin yaradılmasını düşünürük. Orada kofe dəyirmanı muzeyinin işini qurmaqla yanaşı, Odessa sakinlərini və qonaqları Azərbaycan mədəniyyəti və ənənənələri ilə tanış etmək istəyirik”, - deyə Ayaz Əliyev AZƏRTAC-a açıqlamasında bildirib.

Soydaşımızın yaratdığı kolleksiyada hər ölçüdə və qədimiliyi ilə seçilən kofe dəyirmanlarına rast gəlmək mümkündür. Eksponatlardan birinin - XIX əsrin əvvəllərinə aid Almaniya kofe dəyirmanının çəkisi 25 kiloqramdır.

Diaspor fəalımızın yaratdığı kofe dəyirmanları kolleksiyası eksponatların sayına görə Avropada ən böyük kolleksiyalardan biri hesab edilir.

Gələcəkdə kofe dəyirmanları eksponatlarının sayının 1000-ə çatdırılması nəzərdə tutulub. Bunun üçün dünyanın bir çox ölkələrində nümunələrin tapılıb gətirilməsi istiqamətində işlər davam etdirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
93
1
azertag.az

2Mənbələr