AZ

Qusar Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri aparılıb

Bu, rayon əhalisinə göstərilən tibbi xidməti xeyli yaxşılaşdırıb

Qusar Mərkəzi Xəstəxanası binasının təmirinə ötən il başlanılmışdı. Qısa vaxtda tibb müəssisəsində genişmiqyaslı cari və əsaslı təmir işləri aparılmışdır. Həmçinin xəstəxananın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, xidmət keyfiyyəti yüksəldilmişdir. 

Uzun illər 3 istilik qazanxanasından 1-i qəzalı vəziyyətdə idi. Bu səbəbdən binada isti su təminatında problemlər yaşanırdı. Artıq hər üç qazanxana təmir olunaraq istismara verilmiş və xəstəxana isti su ilə təmin edilmişdir. Həmçinin nasosxanada hər iki mühərriki təmir edilmiş, müəssisənin isti və soyuq su təminatı bərpa olunmuşdur.

Xəstəxananın mətbəxində olan 8 elektrik sobasından yalnız 1-i işləyirdi. Aparılmış təmir işlərindən sonra bütün avadanlıqlar tam funksional vəziyyətə gətirilmişdir. Çamaşırxananın 3 maşınından 2-si də təmir edilmişdir. Üstəlik, havalandırma sistemi qismən işlək vəziyyətə gətirilmiş, kondisioner sistemində mövcud olan 34 blokdan 26-sı cari təmirdən sonra istismara yararlı hala salınmışdır.

Müəssisədə aparılan əsas işlərdən biri də tibbi avadanlıqlarla bağlıdır. Xəstəxanadakı narkoz aparatlarından biri əsaslı, ikisi isə cari təmir olunmuşdur. 2 küvəz də istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Bundan əlavə, generatorun yağ, hava və yanacaq filtrləri yenilənmişdir. Hazırda generator tam saz vəziyyətdədir.

Tikili və avadanlıqların cari təmiri üçün satınalma proseduru həyata keçirilmiş, müvafiq tender keçirilərək müqavilənin bağlanmasına razılıq verilmişdir. Müqaviləyə əsasən, xəstəxananın Təcili yardım (Acil) şöbəsində 220 kvadratmetr sahədə antibakterial linoleum örtüyü yenilənmişdir. Akt zalı tam şəkildə sökülərək əsaslı təmir olunmuş, döşəmə, divar və tavan örtükləri yenilənmiş, həmçinin kresloların üzlükləri dəyişdirilmişdir.

Rayonun təcili tibbi yardım xidmətinə olan ehtiyacı nəzərə alınaraq əlaqədar təşkilatlara  müraciət edilmiş və nəticədə 2 İVECO markalı tam yeni reanimobil "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsin Qusar rayon stansiyasının istifadəsinə verilmişdir. Eyni zamanda 2 anestezioloq-reanimatoloq işə qəbul edilmiş və müəssisədə 7/24 rejimində fəaliyyət göstərən reanimasiya xidməti təşkil olunmuşdur.

Əməkdaşların,  xüsusilə həkim heyətinin iş prosesinin elektronlaşdırılması məqsədilə yeni nəsil 40 kompüter dəsti alınmışdır. Həmçinin oynaqdəyişmə (protezləşmə) əməliyyatlarının icrası üçün ayrıca əməliyyatxananın ayrılması istiqamətində hazırlıq işlərinə başlanıılmışdır. 

Həyata keçirilən yeniliklər rayon əhalisinə göstərilən tibbi xidmətlərin əlçatanlığının və operativliyinin yüksəldilməsinə xidmət edir. Qarşıdakı dövrdə də xəstəxananın fəaliyyətinin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Qusar sakinləri Sevda Sultanova, Dilarə Şıxaverdiyeva, Validxan Haqverdiyev və başqaları xəstəxanada aparılan təmir işlərindən razılıq edirlər. Sevda Sultanova deyir ki, əvvəllər palataların çatışmazlığı, həkimlərin ixtisas üzrə azlığı nəticəsində xəstələr yaxın rayonlara, ya da paytaxta göndərilirdi. Bu gün belə göndərişlərin sayı xeyli azdır.

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr