İfrat sağçı millətçi İsveç Demokratları Partiyası ölkə “boz zona”ya düşəcəyi təqdirdə, burada nüvə silahlarının yerləşdirilməsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Ölkə.az xəbər verir ki, partiyanın xarici siyasət üzrə sözçüsü Aron Emilssonun sözlərinə görə, belə bir addım hazırda gündəmdə deyil, lakin qeyri-sabit və sürətlə dəyişən təhlükəsizlik mühitində bu ehtimalı istisna etmək olmaz. O, İsveçin NATO-nun nüvə planlaşdırmasına tam inteqrasiya edilməli olduğunu da vurğulayıb.
Baş nazir Ulf Kristersson bundan əvvəl bildirib ki, ölkə NATO vasitəsilə nüvə siyasəti ilə bağlı bütün müzakirələrdə iştirak edir. Xarici işlər naziri Mariya Malmer Stenergard isə qeyd edib ki, mövqedəki hər hansı bir dəyişiklik ittifaq müttəfiqləri ilə və Riksdaqda müzakirə olunmalıdır, hökumət isə Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə sadiq qalır.
İsveç demokratlarının bəyanatı müxalifətdə təəccüb doğurub. Sosial demokratlar İsveçdə nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı mövcud razılaşmanı xatırladıblar və bu mövqeyi yenidən nəzərdən keçirməyin zəruriliyinə şübhə etdiklərini bildiriblər.(publika)