525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İllərin o üzündə qalanları xatırlayan kövrəlir də, qəhərlənir də, qürurlanır da. Zamanın əlçatmazlığı onun qəlbini göynətsə də, yeganə təsəllisi xatirələr olur. Bu günü dünənlərlə sabahlar arasında mənəvi, mənəvi-ruhi işıq bilir. Onda dərk edir ki, xatirələr yaşatmağa da qadirdi. Qüruru da, sevinci də, ağrı-acını da, qəhəri də xatirələr böyük sədaqətlə yaşadır. Bəs görmədiklərin necə? Onları kiminsə söhbətləriylə tanıyırsan, xəyalən tanıdıqlarını xəyallarında yaşadırsan. Hərdən o söhbətlər də xəyallardan gəlir. Dünya belədi, belə də olacaq...
Anam onsuz da həmişə xəyallarımdadı – gündüzlər düşüncələrimdə, gecələr yuxularımda. Dayılarımı hər xatırlayanda da analı dünyamın işığını hiss edirəm. Onda elə bilirəm ki, dünənlərdəyəm, ömrümün üstündə də, düşüncələrimdə də ana nəfəsini hiss edirəm...
Anamın bir qəhərinin rəngini indi də unutmamışam: qapqara bir qəhəriydi. Özümü biləndən, sözü-sözdən ayırd etməyi bacarandan bəri hiss etmişəm ki, anamın göz yaşlarıyla islansa da, bu qəhərin rəngi həmin rəngdi, zərrəcə dəyişməyib. Anam deyirdi ki, anam güclə yadıma gəlir, bütün ailənin və qohumların and yeri olan qardaşım Surxay müharibədə həlak oldu, nə oğlu Ələkbərin dünyasını qəfil dəyişməsindən, nə də qızı Sahibənin dünyaya göz açmasından xəbər tutdu...
Böyük dayım Surxay Zaqafqaziya Dəmiryol idarəsində briqadir işləyib, bir oğlu, bir qızı olub. Dayım qardaş-bacılarını son dərəcə çox sevib, həmişə onların qayğısına qalıb, heç vaxt xətirlərinə dəyməyib.
Anam dörd yaşında anasız qalıb. Dayım Surxay onun hər cəfasına qatlaşıb. Anam dayımı xatırlayanda həmişə deyərdi kı, “Surxay həm atam idi, həm də anam. Məktəb yaşım çatanda yayda məzuniyyət götürüb qatarla məni Tbilisiyə apardı, pal-paltar da aldı, məktəbə nə lazımsa, hamısını aldı. Bir neçə gün orada qaldıq, şəhəri neçə gün gəzib-dolaşdıq, hər yerə apardı, hər yerə...”
Anam ilk dərs gününü də qəhərlə xatırlayırdı. Ovunmaz qəhər idi. Baxışları nəhayətsizlikdən üzülmürdü anamın. Danışdıqca sanki kəlmələr dodaqlarında közə dönürdü. Deyirdi ki, həmin gün bərk yağış yağırdı. Yüz-yüz iyirmi addımlıq yolu qardaşım məni qucağında apardı ki, ayaqqabılarım palçığa batmasın. Neçə illər sonra müəlimlərimiz deyirdi ki, Surxay həmin gün bütün kəndin rəğbətini qazandı, bu, təkcə bacıya sevgi deyildi, təhsilə rəğbət idi...
Surxay dayım cavanlığından ailəcanlı olub. Ata sözünü ömrünə düşən ilahi bir işıq bilib. Bu işığı yaşada-yaşada yaşayıb. Ailənin mal-qarası, arısı, baş-bağatı, ... onun zəhmətiylə bar-bəhər verirdi. Oğulları Dünyamalı babamın köməkçiləriydi. Atalarının sözü dayılarım üçün qanun olub.
Surxay dayım evlənib, oğlu olub – Ələkbər. Dünyadan umacağı Ələkbəri ərsəyə çatdırmaq, el-obasına layiqli bir oğul kimi böyütmək ən böyük arzusu olub.
Gənc yaşlarında rəhmətə gedən qardaşı Həzinin ailəsinin qayğılarını da babam Dünyamalı və qardaşı İldirim çəkib. İldırım babam dünyasını dəyişəndən sonra Dünyamalı babam həm öz ailəsinə, həm də qardaşının ailəsinə dayaq olub. Belə bir qayğıkeşlik ailə ənənəsi imiş; babalarımdan görüb-götürdüyünü dayım Surxay davam etdirib - Surxay dayım həm öz ailəsinə, həm də özündən yaşca xeyli kiçik olan bacı-qardaşlarına hayançılıq edib...
Bu güzəran da cox çəkməyib. İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il sentyabr ayının 14-də dayım Surxay, əmisi oğlu İsbəndiyar cəbhəyə gedib. Az sonra Hətəmxan dayımı, anamın əmisi oğlanları Tuğayı, İmranı, Məhəmməd və Cabbarı da müharibəyə aparıblar. Ağır illərdə Dünyamalı babam yaşının o vaxtında böyük bir ailənin ağırlığını tək çəkib.
Surxay dayımın xidmət etdiyi hərbi hissə Mozdoka göndərilmə ərəfəsində məktubları kəsilib. Gümanlar babamın da, anamın da, qohumların da ürəyini qana döndərib. O ağır illərin ağırlığını o yaşında anam da çəkib. Günlərin birində xəbər çatıb ki, Surxay Dünyamalı oğlu həlak olub, həm də qız atası olmasından xəbər tuta bilməyib dayım...
Qardaşı Surxaydan "qara kağız" gələndə anam göz yaşlarını kiçik qardaşı Ələsgərdən gizlədərək gecənin üzünə için-için ağlayıb. Səsini kimsə eşitməyib. Yanaqlarını yandıran göz yaşlarını heç kim görməyib, dərdini içində çəkib anam...
“Dərd gələndə batmanla gəlir” deyimi var – oğlu Surxayın həlak olmasından az sonra nəvəsi Ələkbərin dünyadan qəfil köçməsi babamın qəddini əyib. Bu ağır dərdə dözə bilməyən babam 1946-cı ildə rəhmətə gedib...
...Surxaysızlıq dərdi qaysaqlamamış anam ortancıl qardaşı Hətəmxanın müharibədə ölümcül yaralanması xəbərini alır. Ürəyi dərd ocağına dönür anamın. Dərdə dözür, sarsılmır, bütün gücünü toplayaraq Surxay dayımın 2 yaşlı qızı Sahibəyə və qardaşı Ələsgərə analıq edir. Onlar anamın himayəsində böyüyüblər; anam qardaşı Ələsgərlə, qardaşı Surxayın himayəsinə aldığı qızı Sahibəylə həyatın sıxıntılarına dözüb, onu mətinliyiylə, ata adına, qardaş adına yumşalda bilib. “Oğul nədi, qız nədi, övlad övladdı. Oğul da, qız da ata adına başucalığı gətirməlidi. İşiylə, zəhmətiylə, davranışıyla, insanlara sevgisiylə...”, – qonşularımızdan, anamı tanıyanlardan eşitmişəm ki, anam kəlmədaşlarına sözarası belə deyərmiş. Qəhərini hamıdan gizlədə-gizlədə...

Anam uşaqlığından dərdəcar adam olub. Əzizlərinin acı taleyi ürəyinə yük olsa da, inamını yaşadıb, atasının həmişə sözarası dediklərini unutmayıb: “Dərdin nazını çəkməzlər, qızım, dərdə üstün gəlməlisən ki, yaşadığın illər halalın olsun...” Anam belə yaşayırdı...
Məstan da – anam, qardaşı məktəbli Ələsgər də, qardaşı qızı Sahibə də acılarla, sıxıntılarla əhatələniblər...
Müharibədən əlil qayıtmış əmisi oğlu Tuğay da anam kimi kolxozda işləyib, Sahibəyə, on dörd yaşından yetim qalan Ələsgərə mənəvi ata olub.
Məstan – anam həyatın gərdişini ömrünə pərsəng eləməyib, bu gərdişi ata ocağına, qardaşlarının adına, dünyadərkinə işıq bilib. Kənddə onun fəallığını, bacarığını bəyəniblər. O illərdə Ağdamda kolxoz sədrləri hazırlayan kurs varmış (kurs, əslində kənd təsərrüfatı üçün rəhbər kadr hazırlayırdı). Onu da bu kursa göndəriblər. Bu kurs həm də dövrün sosial tələblərinə və zərurətlərinə uyğun rəhbər kadrlar hazırlayırdı...
Rayon komsomol komitəsinin buro üzvü olub, Azərbaycan komsomolunun qurultayına nümayəndə seçilib. O illərdə bu, böyük şöhrət hesab edilirdi. Partiya sıralarına qəbul edilib, təsərrüfatda əldə etdiyi yüksək göstəricilərə görə kommunist əməyi zərbəçisi adına layiq görülüb. Əvvəlcə kolxoz sədri, sonra isə rayon komsomol komitəsinin katibi vəzifəsinə irəli çəkmək istəyiblər. Özü qərar qəbul etməyib, göz açıb görmüşdü ki, əzizlərinin məsləhəti olmadan yeniyetmələr, gənclər qəti söz deməməlidi. Əzizləri məsləhət bilsə, gedərmiş. İllərin adətlərindən biri kimi. Əmisi oğlanları razılıq verməyib. Qardaşı Ələsgər hərbi xidmətə gedəndən sonra, 1953-cü ilin yanvarında əmisi oğlu Tuğayın xeyir-duası ilə əsgərlikdən qayıdan əmisi oğlu Heydərlə ailə həyatı qurub, qardaşı qızı məktəbli Sahibə yenə onun himayəsində qalıb, burada boya-başa çatıb; anam Sahibəyə anasızlığını unutdurub, ona da ana olub...
Anam ruhən sözə, nağıla-dastana, deyimlərə, bayatılara bağlı idi. Bizə öyüdlərini də, nəsihətlərini də deyimlərlə yanaşı deyərdi, hərdən bayatılaşdırıb deyərdi. Hərdən baxışlarını anlaşılmaz qəhər də bürüyərdi, az sonra Surxay dayımı xatırlayardı: “Mənə sözü Surxay sevdirib. Söz həm deyimlərdi, həm bayatıdı, həm nağıldı. Elə bilirəm sözümün müəllimi qardaşım Surxay olub. Hər bayatı çəkəndə də Surxayı xatırlayıram, hər bayatı eşidəndə də...”
Dayılarım Hətəmxan da, Ələsgər də böyük qardaşları Surxay kimi həmişə anam Məstana böyük hörmət və ehtiram göstərmiş, onun övladlarına öz doğma övladları kimi yanaşmışlar. Belə bacı-qardaş münasibətləri ailə ənənələrindən yaranmış və bu gün övladları tərəfindən layiqincə davam etdirilir.
Dayılarım el adamı olub, eli sevib, eli sevdiyi qədər də Azərbaycanı sevib. O illərdə Vətən kəlməsinin tələbi nə idisə, onun da cəfakeşi olub. Nə vaxtsa oxuduğum bir şeirin bir misrasını xatırlayıram: “El zərgərdi, zəri seçir, bəyənir”. Kəndimiz elin oğullarını tanıya-tanıya sevib, sevə-sevə tanıyıb. El-obamız Dünyamalı oğlu Surxayı tanıyıb, sevib, Dünyamalı oğlu Hətəmxanı tanıyıb, sevib, Dünyamalı oğlu Ələsgəri tanıyıb, sevib.
Dayım Hətəmxan 1922-ci ildə anadan olub. İkinci Dünya müharibəsində böyük döyüş yolu keçib. Özünün və cəbhə yoldaşlarının dediklərini tarix kimi dinləmişik: dəfələrlə ölümlə üz-üzə gəlib, qorxmazlığı və igidliyi onu ölümdən xilas edib, o da qələbə qazananların sırasında olub. Qroznı və Terek çayı ətrafında gedən döyüşlərdə fərqlənib. Sonrakı döyüşlərin birində ağır yaralanıb. Uzun müddət müxtəlif hərbi hospitallarda müalicə olunduqdan sonra birinci qrup əlil kimi Zəngilana qayıdıb. İşləyib, işi bəyənilib, özü sevilib. Kəndimizdə – Canbar kəndində “Qələbə” kolxozunda təsərrüfat briqadiri və ferma müdiri vəzifələrində işləyib. Canbarlılar dayım Hətənxan Dünyamalı oğlunu mərd, zəhmətkeş, qohumcanlı, səxavətli bir insan kimi xatırlamaqdadır. Mən dayımın bizə qayğılarını indi də kövrəkliklə, minnətdarlıqla xatırlayıram...
I və II dərəcəli Vətən müharibəsi ordenləri, “Qafqazın müdafiəsinə görə” medalı və digər bir neçə medalla təltif olunub. 2001-ci il noyabrın 14-də dünyasını dəyişib. Yeganə oğlu Rəşid, qızları Şərqiyyə (2019-cu il martın 17-də haqq dünyasını qovuşub), Zeynəb, Validə və İradə ataları bacısı övladlarını necə sevibsə, onlar da bibisinin uşaqlarını həmin sevgi ilə sevirlər və bunu ata ruhuna sədaqət bilirlər.
Anamın kiçik qardaşı Ələsgər 1932-ci ildə anadan olub. Canbar yeddiillik məktəbini bitirdikdən sonra kolxozda işləyib. O da bilirdi ki, zaman çətindi, dolanışığı ağırlaşmağa çatdırmaq olmaz, dünyadan köçənlərin ruhu narahat olar, yaşayanların – ömrü-günü. Ötənləri çətinliklə xatırlasa da, atasının el üçün kim olduğunu bilirdi, özünün, bacısının, qardaşı qızının sabahlarını düşünürdü. Halal zəhmətin qüdrəti haqqında atasından eşitmişdi. Belə tanındı, belə sevildi...
Hərbi xidmətə çağırılıb...
1955-ci ildə hərbi xidmətini başa vurub kəndə qayıdıb. Zəhmətin mənəvi işığına yön çevirib. Rayonda deyil, Qafanda işləməyi qərara alıb. Niyə? – heç kim bilməyib. Qafan Avtomobil Nəqliyyatı İdarəsində sürücü işləyib. Həm də təhsil almaq istəyib. Özümü belə düşünübmüş, əzizlərimi belə məsləhət görübmüş? – Maliyyə-Kredit Texnikumunun mühasibatlıq şöbəsini qiyabi bitirib. O illərdə bu təhsil də vacib sayılırdı. Ələsgər ixtisaslı kadr idi.
“Qələbə” kolxozunda, sonralar “Arıcılıq” sovxozunda sürücü, təsərrüfat briqadiri, Canbar kənd sovetinin katibi, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Canbar kənd ərazi nümayəndəliyinin mühasibi işləyib. Məsuliyyətlə, sədaqətlə, ata-baba adına hörmət gətirməklə.
İşlədiyi müddətdə işə məsuliyyəti, intizamı, prinsipiallığı və ciddi tələbkarlığı ilə seçilib. Ailədə xoş səmimiyyəti, diqqətcilliyi, zəhmətsevərliyi, təssərrüfatçıllığı, qohumcanlılığı ilə sevilib. Övladlarının təhsilinə, tərbiyəsinə xüsusi diqqət yetirib, onlarla həmişə maraqlanıb. Övladları Əşrəf, Kamil, Nəriman, Pərvanə, Nərgiz, Qəmzə, Nazilə və Nəzakət müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilı alıblar.
2002-ci il mayın 5-də rəhmətə gedib, Mehdiabad qəbiristanlığında dəfn edilib...
Anam haqqında düşüncələrim ruhumun laylası olur, yaşadıqlarımdan yaşayacaqlarıma uzanan işıq yoluna, xəyallarımın göyqurşağına dönür. Anamın əziziləri haqqında düşünəndə də həmişə bu duyğuları yaşamışam. Anama sevgi kimi. Anamın əzizləri ata-anasıydı, qardaşlarıydı. Anamın qardaşlarını – dayılarımı xatırlayanda bir gerçəklik ruhuma təsəlli olur: anamın sevdiklərini biz də sevmişik!..
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.