AZ

Türkiyəli ekspert: Regionda yeni güc mərkəzinin yaradılması zərurətə çevrilib

Bakı, 18 fevral, AZƏRTAC

Bakıda “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi Cənubi Qafqaz, Mərkəzi Asiya və Türkiyə üçün əhəmiyyətli tədbirdir. Konfransda səslənən təkliflər və irəli sürülən siyasi xarakterli layihələr gələcəyə hesablanmış geosiyasi proseslərin tənzimlənməsinə təkan verəcək. Mərkəzi Asiyanın Cənubi Qafqaz ilə, Azərbaycanın isə Türkiyə ilə bağlantısının olması yeni güc mərkəzinin formalaşması faktını ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Haber 365” media qrupunun rəhbəri, siyasi ekspert Yakub Aslan deyib.

Onun sözlərinə görə, hazırda dünyada güc amili bütün dəyərlərdən və beynəlxalq hüquqdan daha üstün tutulur.

“Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması buna bariz nümunədir. Haqlı olan Azərbaycan beynəlxalq qüquqa istinad etdikcə əraziləri işğal altında qaldı. Lakin gücünü toplayıb ərazisini işğaldan azad etdikdə, heç bir beynəlxalq təşkilat bunun əleyhinə çıxmadı. Çünki Azərbaycan ilk növbədə güclü, sonra isə haqlı idi. Belə bir geosiyasi proseslər fonunda yalnız müttəfiqlik və qarşılıqlı faydalı əməkdaşlıqla dünya siyasətində söz sahibi olmaq və suverenliyi qoruyub müstəqil siyasət yürütmək olar. Mərkəzi Asiya 80 milyon əhalisi ilə Almaniyanın ərazisindən 11 dəfə böyükdür. Regionda neft və qaz ilə yanaşı mis, volfram, qızıl, kali kimi nadir yer mineralları var. Təkcə Qazaxıstanda 19 faydalı qazıntı mənbələri var ki, bun gün dünya sənayesində həmin ehtiyatlara böyük ehtiyac var. Azərbaycan Mərkəzi Asiya üçün tranzit ölkə Türkiyə isə Avropaya çıxış təmin edən dövlət kimi böyük birliyin formalaşması üçün əsasdır”, - deyə Yakub Aslan vurğulayıb.

Siyasi ekspert əlavə edib ki, yeni birliyin yaranması ABŞ və Avropa İttifaqı tərəfindən də dəstəklənir: “ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri və Zəngəzur dəhlizinə dəstək Orta Dəhlizə də dəstək deməkdir. Bu gün yaranmış imkanlardan səmərəli istifadə edib bu birliyi yaratmaq lazımdır. Azərbaycan hər dəfə yeni təşəbbüslərlə çıxış edərək birliyə, sülhə və əməkdaşlığa can atır. Bu təşəbbüslər dəstəklənərək nəzərdə tutulan enerji və nəqliyyat layihələri tam olaraq həyata keçirilsə, birliyin yarandığını müşahidə edə bilərik”.

 

Seçilən
91
2
azertag.az

3Mənbələr