"2026-cı ildə Ukrayna münaqişəsi ilə bağlı keçirilən 3-cü görüşdür ki, baş tutub və ABŞ tərəfindən görüşlərə vasitəçilik edilir. Bu gün Ukraynaya qarşı ABŞ təzyiq göstərir, bu kimi hallar əvvəlki raundlarda Moskvaya qarşı da olub, lakin tərəflər hələ kəskin fərqli yönlərini aradan qaldıra bilməyiblər".
Bunu Redaktor.az-a siyasi şərhçi Çingiz Şahbazi ötən gün Cenevrədə keçirilən Ukrayna-Rusiya-ABŞ görüşündən danışarkən bildirdi.
"Ərazi və torpaq məsələləri danışıqların əsas mərkəzində yer alır və Ukrayna əraziləri, xüsusilə Dombas və digər işğal olunmuş zonalar danışıqlar prosesində irəliləyişə ciddi təsir edir. Moskva bu ərazilərin bəzilərini birləşdirmək və yaxud da status məsələsini müəyyənləşdirmək istəyir. Kiyev isə öz növbəsində bu tələbləri qəbul etməkdən imtina edir. Belə bir vəziyyətdə danışıqlar prosesi davam edir və heç bir nəticəyə gəlinmir. Çünki Ukrayna üçün suverenlik və ərazi bütövlüyü, Rusiya üçün isə siyasi və hərbi məqsədlər baxımından ən çətin şərtlər mövcuddur və bu şərtləri qəbul etmək hər iki münaqişə edən ölkənin hakimiyyəti üçün ölümə bərabərdir".
Müsahibimiz vurğuladı ki, belə olan halda ABŞ mediatorluğu çərçivəsində hazırda mövcud sülh planının əhəmiyyəti azalır:
"Amma bütün bunlara rəğmən danışıqlar prosesinin davam etməsində fayda var və hesab edirəm ki, mübahisəli məqamlar zamanla həlli üçün danışıqlar prosesini davam etdirmək lazımdır. Əlbətdə ki, görüşlər ictimaiyyətə qapalı rejimdə keçirilir və bu səbəbdən konkret detallar haqqında məlumat verilmir. Təxmin edilir ki, danışıqlar xüsusilə də torpaq məsələləri və ərazi mövqeləri ilə daha çox bağlıdır. Həmçinin təhlükəsizlik zəmanətləri, sülh planının şərtləri və tətbiqi mexanizmləri, həmçinin müharibənin nəticələrinin humanitar və siyasi aspektləri də bura daxildir. Bu baxımdan danışıqlar prosesində əsas həlledici məqamlar gələcək status və təhlükəsizlik zəmanətləri xüsusi olaraq ələ alınır".
Aytəkin TOFİQQIZI