Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan barəsində yeni cinayət işi çərçivəsində tətbiq edilən ölkədən çıxış qadağası ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Məhkəməsi məlumat yayıb.
Məhkəmədən bildirilib ki, işi aparan hakim əvəzləyici olduğu üçün qadağanı özü ləğv edə bilməyib. Bununla belə, hakim prokurorluğa qətimkan tədbirinin aradan qaldırılması barədə göstəriş verib.
Xatırladaq ki, söhbət 2019-cu ildə mərhum biznesmen Mixail Baqdasarovun ifadələri əsasında başlanmış cinayət işindən gedir. Həmin iş çərçivəsində Serj Sarkisyanın ölkədən çıxışı məhdudlaşdırılmışdı.
Prokurorluğun məlumatına görə, Sarkisyan 1998–2010-cu illərdə Rusiyada yaşayan biznesmen Mixail Baqdasarovdan xüsusilə külli miqdarda rüşvət tələb edib və alıb. İddia olunur ki, rüşvət Ermənistan Respublikasında güzəştli şərtlərlə biznes fəaliyyəti müqabilində əldə olunan gəlirin yarısının Sarkisyana ötürülməsi formasında olub.
Nəticədə külli miqdarda rüşvət alma faktı üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Serj Sarkisyan 1990-cı illərin əvvəllərində 1-ci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələrində rəhbər vəzifələrdə təmsil olunub. O, Xocalı hadisələrinə görə məsuliyyət daşıyan şəxslərdən biridir və bu məsələ uzun illərdir Bakı ilə İrəvan arasında ən həssas mövzulardan biridir.
1992-ci ildə baş verən Xocalı faciəsi müharibə cinayətidir və həmin dövrdə Qarabağdakı erməni hərbi-siyasi rəhbərliyi hadisəyə görə siyasi məsuliyyət daşıyır.
Bizim.Media