AZ

Aslan Kərimov: Meydandakı 90 dəqiqə kağız üzərindəki proqnozlardan daha həlledicidir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 fevral, AZƏRTAC

Kağız üzərində favorit kimi “Nyukasl” göstərilir. İngiltərə təmsilçisinin həm futbolçularının transfer dəyəri, həm də fərdi keyfiyyət göstəriciləri “Qarabağ”dan daha yüksək qiymətləndirilir. Premyer Liqa təcrübəsi və heyətin dərinliyi də onların üstün tərəfləri hesab olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.

O bildirib ki, Çempionlar Liqasının cari mövsümü “Qarabağ”ın kağız üzərində özündən üstün sayılan rəqibləri real oyunda üstələməyi bacardığını göstərdi: “Ağdam təmsilçisi bir neçə güclü komandaya qarşı intizamlı və taktiki cəhətdən düzgün qurulmuş oyun nümayiş etdirərək müsbət nəticələr qazanıb. Bu qarşılaşmada da açıq-aşkar birtərəfli oyunun olacağı gözlənilmir. “Nyukasl” Bakıdakı matça uzun səfərdən – təxminən 4,5 saatlıq uçuşdan sonra çıxacaq. Saat fərqi və səfər amili yüksəksəviyyəli futbolçular üçün böyük maneə olmasa da, müəyyən təsir göstərə bilər. Bundan əlavə, İngiltərə klubunun heyətində itkilər var. Xüsusilə meydanın mərkəzində oyunu qurmaq və temp vermək baxımından önəmli futbolçulardan birinin – komandanın kapitanlarından olan braziliyalı yarımmüdafiəçinin yoxluğu “Nyukasl” üçün ciddi itkidir. Onun həm atletik gücü, həm də texniki keyfiyyətləri komandanın oyun strukturunda mühüm rol oynayırdı. Bütün bu amillər fonunda “Qarabağ”ın öz meydanında rəqibinə qarşı mübarizə aparmaq və sərfəli nəticə qazanmaq şansı real görünür. Çempionlar Liqası isə artıq dəfələrlə sübut edib ki, meydandakı futbol kağız üzərindəki hesablamalardan daha önəmlidir. Digər tərəfdən, “Qarabağ”ın da öz çətinlikləri var. Ağdam təmsilçisi son dövrlər sıx qrafiklə – üç gündən bir oyun keçirməli olur. Üstəlik, bəzi qarşılaşmaların ağır meydança şəraitində baş tutması futbolçuların fiziki baxımdan daha çox güc sərf etməsinə səbəb olub. Bu amil yüksək temp tələb edən matçda müəyyən rol oynaya bilər”.

Veteran futbolçunun fikrincə, “Qarabağ”ın ən böyük üstünlüklərindən biri cinah hücumlarıdır: ”Komanda həm bu mövsüm Çempionlar Liqasında, həm də əvvəlki illərdə güclü rəqiblərə – o cümlədən “Çelsi”, “Napoli” və digər Avropa təmsilçilərinə qarşı məhz cinah keçidləri və sürətli hücumlarla təhlükəli epizodlar yarada bilib. Bəzi matçlarda bu epizodlar qolla nəticələnsə də, bəzi hallarda son nöqtəni qoymaq mümkün olmayıb. Lakin qol vəziyyətlərinin yaradılması komandanın hücum potensialının göstəricisidir. Ümumilikdə, qarşılaşmada həm üstün, həm də zəif tərəflər mövcuddur. “Qarabağ” üçün əsas məqam intizamlı oyun, fiziki balansın qorunması və cinah hücumlarından maksimum səmərəli istifadə olacaq. Çempionlar Liqası isə bir daha sübut edib ki, meydandakı 90 dəqiqə kağız üzərindəki proqnozlardan daha həlledicidir”.

Vaxtilə Ağdam klubunun formasını geyinmiş A. Kərimov sabiq komandasının bugünkü oyunda kifayət qədər qol vəziyyəti yaradacağını gözlədiyini deyib: “Ağdam təmsilçisi indiyədək Çempionlar Liqasında güclü rəqiblərə qarşı cinah hücumları və sürətli keçidlərlə çoxsaylı təhlükəli epizodlar yaratmağı bacarıb. Əsas məsələ həmin epizodlardan maksimum yararlanmaq olacaq. Qol imkanlarının yaradılması komandanın potensialını göstərir, lakin nəticəni həll edən amil realizə faizidir. Hücum xəttində çıxış edən Kamilo Duran texniki baxımdan ideal forvard sayılmasa da, ön xətdə yüksək təzyiqi diqqət çəkir. O, rəqib müdafiəçilərə və dayaq yarımmüdafiəçilərinə pressinq tətbiq etməklə onları səhvə məcbur edə bilir. Bu isə topu rəqibin hücum quruculuğu mərhələsində qazanmaq və sürətli şəkildə qol imkanı yaratmaq baxımından “Qarabağ” üçün önəmli üstünlükdür. Bununla belə, “Nyukasl”ın da ciddi üstünlükləri var. İngiltərə klubu fiziki gücə əsaslanan, templi və dayanmadan oynayan Premyer Liqa üslubunun təmsilçisidir. Komanda xüsusilə cinah keçidləri və sürətli əks-hücumlarla təhlükə yaradır. Ön xətdə yer alan əsas hücumçulardan biri təxminən 1,92–1,93 metr boya malikdir və hava toplarında üstünlüyündən maksimum istifadə etməyə çalışır. Bu isə standart vəziyyətlər və cinah asmalarında “Qarabağ”ın müdafiə xətti üçün ciddi sınaq deməkdir. Eyni zamanda, “Nyukasl” 90 dəqiqə ərzində tempi aşağı salmayan komandadır. Hesabdan asılı olmayaraq, oyun intizamını qorumaq və fasiləsiz təzyiq göstərmək onların əsas xüsusiyyətlərindəndir. Ümumilikdə, qarşılaşmada təşəbbüsün müəyyən hissələrdə tərəflər arasında dəyişəcəyi gözlənilir. Bakıdakı ilk matçda əsas sual budur: yaradılan imkanlardan kim daha səmərəli istifadə edəcək? Çempionlar Liqasının bu mərhələsində isə xırda detallar və epizodların taleyi həlledici ola bilər. Bütün bunlara baxmayaraq, Bakıdakı ilk görüşdə daha pozitiv ssenari mümkündür. “Qarabağ” öz meydanında azarkeş dəstəyi ilə rəqibə qarşı balanslı və intizamlı oyun sərgiləyərək sərfəli nəticə qazana bilər. Burada əsas məqsəd yalnız bir oyunun nəticəsi deyil, iki matçın ümumi taleyi baxımından üstün mövqe əldə etməkdir. Çempionlar Liqasının bu mərhələsində detallar həlledici olur. Bakıdakı qarşılaşma cütün taleyinə ciddi təsir göstərə bilər”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda "Çelsi" və ya "Barselona" kollektivlərindən biri ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
azertag.az

2Mənbələr