AZ

Özəl klinikalarda onkoloji müalicə qanuniləşdi: pulsuz olacaq, yoxsa pullu? Açıqlama

Medicina portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qanuna edilən son düzəlişə əsasən, onkoloji yardım yalnız ixtisaslaşmış dövlət tibb müəssisələrində deyil, eyni zamanda özəl klinikalarda da həyata keçiriləcək.

Bəs bu yeni qanunla Azərbaycanda onkoloji xəstələrin müalicəsində nə dəyişəcək? Müayinə və müalicə xərcləri necə olacaq? Hansı özəl klinikalar bu xidməti göstərmək hüququ alacaq?

Medicina.az-a mövzu ilə bağlı açıqlamasında millət vəkili Müşfiq Məmmədli xərçəng xəstələri və ailələri üçün yeni dəyişikliyin mahiyyətini açıqlayıb:

“‘Onkoloji yardım haqqında’ əvvəlki qanuna görə, onkoloji xidmət yalnız dövlət tibb müəssisələrində mümkün idi və yalnız onkoloq həkim tərəfindən aparıla bilərdi. Yəni onkoloji xəstələrin müayinə və müalicəsi ilə heç bir özəl müəssisə məşğul ola bilməzdi.

Hətta diaqnoz təsadüfən dövlət xəstəxanasında aşkarlansa belə, ixtisaslaşmış müalicə üçün xüsusi müəssisələrə göndərilməli idi. Bundan kənara çıxmaq qanuna zidd hesab olunurdu.

Müalicə, dərman vasitələri ilə təminat, kimyaterapiya və s. bilirsiniz ki, icbari tibbi sığortadan əvvəl də dövlət proqramları hesabına həyata keçirilirdi. İTS tətbiq olunduqdan sonra onkoloji müalicənin sığorta hesabına qarşılanması mümkün olmadı, çünki fondun vəsaiti tədricən artır, digər xidmət zərfləri genişlənir, hələ ki, vəsaitin miqdarı onkoloji xəstələri əhatə etməyə imkan vermir.

Son bir ildə bəzi müayinələr İTS hesabına daxil edilib. Dövlət müəssisələrində onkoloji xəstələrin artımını, xəstəxanaların əsasən Bakıda cəmləşməsini nəzərə alsaq, görürük ki, bir çox hallarda xəstə sıxlığı və tibbi yardımın ləngiməsi müşahidə olunur. Buna görə də insanlara alternativ tibbi xidmət təklif edilməsi labüd oldu.

Qanuna yeni dəyişiklik ondan ibarətdir ki, onkoloji müalicə əvvəlki qaydada dövlət tibb müəssisələrində dövlət proqramları hesabına aparılacaq. Təcili tibbi yardım istər özəl, istər dövlət müəssisələrində ödənişsiz göstərilir. Özəl klinikalarda onkoloji müalicə isə vətəndaşın öz maddi vəsaiti hesabına aparılacaq. Fərq və yenilik ondadır ki, özəl sektorun bu sahəyə çıxışı qanuniləşdi, rəqabət güclənəcək və ödənişli xidmət bütün dünyada olduğu kimi bizdə də əlçatan olacaq”.

Millət vəkili bildirib ki, özəl tibb müəssisələrinə lisenziya verilməsinin qanuni şərtləri mövcuddur və bununla Səhiyyə Nazirliyi məşğul olur. Klinikalar müəyyən standartlara cavab verməlidir. Müsbət rəy alındıqdan sonra İqtisadiyyat Nazirliyindən tibbi fəaliyyət üçün lisenziya verilir.

“Bu lisenziyada hansı tibbi xidmətlərin göstərilə biləcəyi, hansı şöbələrin olmalı olduğu qeyd edilir. Onkoloji xidmət də bu siyahıya daxil ediləcək. Ola bilər ki, sırf onkoloji xəstəliklərlə məşğul olan özəl klinikalar açılsın. Amma bu müəssisələr müasir standartlara cavab verməlidir.

Bəziləri düşünür ki, onkoloji xidmətlə hər kəs istədiyi kimi məşğul ola bilər. Bu qətiyyən belə deyil. Onkoloji xidmət yüksək kadr potensialı, elmi baza və ciddi maddi-texniki imkanlar tələb edir.

Səhiyyə Nazirliyi, Analitik Ekspertiza Mərkəzi və yaradılması nəzərdə tutulan Keyfiyyətə Nəzarət Qurumu bu müəssisələrin fəaliyyətinə nəzarət edəcək. Çünki onkoloji xəstəlik bir ailənin faciəsinə çevrilir. Burada heç bir manipulyasiyaya yol verilə bilməz”.

Milli Onkologiya Mərkəzinin onkoloqu, əməkdar həkim Elçin Mansurov isə məsələyə başqa prizmadan yanaşıb:

“Milli Onkologiya Mərkəzi dünyanın aparıcı onkoloji mərkəzlərindən geri qalmır, əksinə öndədir. Sadəcə xəstə sayı çoxdur, bəzən fiziki olaraq çatdırmırıq, növbələr yaranır. Amma xəstələr əvvəllər də özəl klinikalara və ya xaricə gedirdilər.

Bizdə işləyə bilməyən bəzi həkimlər özəl sektora keçir. Abdominal cərrahiyyə şöbəsinin müdiri Niyazi həkimin əməliyyatlarına türkiyəli cərrahlar heyran qalır. Onkouroloq Fuad Quliyev yüksək səviyyədə əməliyyatlar aparır. Robotik əməliyyat Qafqazda ilk dəfə bizdə həyata keçirilib. Kimyaterapiyada tətbiq etmədiyimiz protokol yoxdur.

Problem ağıllı dərmanlarla təminatdır, o da həll olunacaq.

Bəzən xəstələr əvvəl pullarını xaricdə və ya özəldə xərcləyir, imkanları tükənəndə Milli Onkologiyaya gəlirlər. Dünən belə bir xəstə gəldi – sidik kisəsi zədələnmişdi. Bir problemin üstünə başqa problem əlavə olunur.

Ümid edirəm bu qanun xəstələr üçün faydalı olacaq”.

Elçin Mansurov hesab edir ki, dəyişikliklər ciddi çevriliş yaratmayacaq. Özəl klinikalar mütəxəssis seçimində diqqətli olmalıdır və Milli Onkologiya Mərkəzi onlar üçün təcrübə bazası ola bilər.

Baş-boyun şöbəsində professor Əziz Əliyev, neyrocərrah Rasim Babayev, süd vəzi onkologiyası üzrə Tahir Nəcəfov və Cavid Qəribov, həmçinin Şəmistan Alıyev kimi mütəxəssislərin fəaliyyəti xüsusi qeyd olunub.

O vurğulayıb ki, PET müayinələrinin nəticələri beynəlxalq səviyyədə qəbul olunur, şüa aparatları Amerika istehsalıdır və MDB ölkələrindən mütəxəssislər burada təcrübə keçirlər.

“Onkologiya sözü bizdə qorxu yaradır. Qətərdə onkoloji xəstəxananın adını ‘Ümid xəstəxanası’ qoyublar. Mən 40 ildən çoxdur bu sahədəyəm. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə Qafqazda analoqu olmayan mərkəz yaradılıb. Hesab edirəm ki, özəl klinikalar buradan çox şey öyrənməlidir”.

Aygün Musayeva

MEDİCİNA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
2
icma.az

3Mənbələr