AZ

"Vardanyanın onlarla dəyişdirilməsi Azərbaycan üçün çox sərfəli olardı...”

“Vardanyan milyarder olsa da, adı çəkilən 4 separatçı-terrorçu fiqurla müqayisədə zəif bir siyasi önəm daşıyır...” 
 
“Hesab edirəm ki, Azərbaycanda 20 illik həbsə məhkum edilmiş Rusiya milyarderi Ruben Vardanyanın adı çəkilən iki terrorçu eks-prezident, bir keçmiş müdafiə naziri və bir separatçı-terrorçu generala dəyişdirilməsi bizim üçün sərfəli olsa da,  ermənilər buna razı olmaz. Bu, məntiqi cəhətdən də düzgün görünmür. Bunu ermənilər heç zaman etməz. Düzdür, əslində bu cür mübadilə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana sərf edər. Çünki bu halda birdən-birə ona qarşı müxalifətdə olan 4 güclü rusiyapərəst və revanşist fiqurdan canını qurtarar. Ancaq digər yandan, o, belə bir riskə getməz. Özü də bunu indilərdə etsə, iyundakı parlament seçkiləri öncəsi ermənilərin bir xeyli hissəsinin gözündən düşər, böyük sayda elektoratını itirər. Üstəlik, rusiyapərəst müxalifətə kütlələri ona qarşı qaldırmaq üçün ciddi dəstəvuz verər.”
 
Politoloq Qabil Hüseynli bu fikirləri Moderator.az-a açıqlamasında bu günlərdə Bakıda 20 illik həbsə məhkum edilmiş milyarder Ruben Vardanyanın Ermənistana təhvil verilməsi müqabilində 1988-ci ildən bəri Azərbaycana qarşı aparılmış işğalçı müharibədə, soyqırımlarda əsas aparıcı, təşkilatçı və icraçı rolunu oynamış 4 Xocalı canisi – terrorçu eks-prezidentlər Robert Köçəryan, Serj Sərkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və separatçı-terrorçu general Vitali Balasanyanın Azərbaycana gətirilməsi çağırışlara münasibət bildirərkən səsləndirib.
 
“Bəs belə bir mübadiləni Azərbaycan üçün hansı mənada sərfəli hesab edirsiz” sualına isə politoloq bu cür cavab verib:
 
“Belə bir mübadilə Azərbaycan üçün çox sərfəli olardı. Çünki Vardanyan milyarder olsa da, adı çəkilən 4 separatçı-terrorçu fiqurla müqayisədə zəif bir siyasi önəm daşıyır. Ermənilərin qondarma Qarabağ hərəkatı, başqa sözlə, Azərbaycan torpaqlarının işğal edilməsi, yüz minlərlə soydaşlarımızın didərgin salınması, on minlərlə insanımızın şəhid edilməsi, şikəst edilməsi, əsir götürülməsi sahəsində Köçəryan, Sərkisyan, Ohanyan və Balasanyan kimilərlə müqayisədə onun “xidmətləri” çox azdır. Adı çəkilən düşmən fiqurlar isə bildiyiniz kimi, 1980-ci illərin ortalarından bəri ta ki 2023-cü ilin sentyabrınadək Qarabağ torpaqlarımızda ermənilərlə azərbaycanlılar arasında münaqişənin qızışdırılması, alovlandırılması, nəhayət, genişmiqyaslı hərbi əməliyyatlar səviyyəsinə yüksəldilməsi və ərazilərimizin 20 faizindən çoxunun işğal edilməsi, xalqımıza qarşı sözün əsil mənasında soyqırımı aparılması işində birbaşa Sovet-Rusiya imperiyasına xidmət göstərmiş, üstəlik, bu gün də Azərbaycan və Türkiyəyə qarşı revanşist irqçi hərəkatı yenidən qızışdırıb davam etdirməyə çalışan hərbi-siyasi inventarlardır. Odur ki, onların Vardana dəyişdirilməsi Azərbaycan dövləti üçün böyük uduş olar...”
 
Sultan Laçın
 
Seçilən
27
2
moderator.az

3Mənbələr