AZ

Politoloq: Amerika Birləşmiş Ştatlarının NATO dakı güclü mövqeyi Avropanın təhlükəsizliyinə zəmanətdir

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ NATO-dan çıxmaq niyyətində deyil və minlərlə amerikalı əsgər alyansın missiyalarına göndərilib. Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Avropanı tabe deyil, tərəfdaş kimi görür və alyansdakı rolunu qoruyur. Avropada ABŞ Silahlı Qüvvələrinin yerləşdirilməsi və təsiri azaldılsa da, bu ABŞ-NATO münasibətlərinə təsir etməyəcək.ABŞ-ın NATO-dakı mövqeyini qoruması Avropa təhlükəsizliyinə necə təsir edəcək?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqamasında bildirib ki, Tramp hakimiyyətə gələndən sonra NATO üzvü ölkələrindən ümumi daxili məhsulun beş faizini hərbiyə yönəltməyi tələb etdi, çünki NATO yaranandan NATO-nun əsas xərclərini, ən böyük xərclərini ABŞ çəkib: “Avropa ölkələrində hərbiyə ayrılan xərclər - bəzilərində 0,9 faiz, bəzilərində 1,2-1,5 faiz idi, yəni hərbiyə bu qədər az vəsait ayrılıb. Bayden hakimiyyəti dövründə bu belə idi. Donald Tramp hakimiyyətə gələndən sonra pul tələb elədi ki, NATO ölkələri hərbiyə 5 faiz vəsait ayırsınlar. Bu da çox böyük bir vəsait edir. Yeni hərbi texnikaların alınması, hərbi heyətin gücləndirilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılmasını da özündə ehtiva edir. Keçən il Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Vens bildirdi ki, “biz Avropanı qorumağa borclu deyilik, Avropa özü özünü qorumalıdır”. Ondan sonra da bu məsələlər gündəmdə oldu. Avropa başa düşdü ki, onlar təhlükə qarşısındadır”.

Elşad Həsənov

Elşad Həsənov qeyd edib ki, Rusiya təcavüzündən qorunmaq üçün onlar birləşdilər və 850 milyard dollar hərbi vəsait ayrıldı: “Almaniya hərbi sənayesini gücləndirməyə başladı. Böyük Britaniya raket istehsal edən zavodlar, tank istehsal edən zavodlar tikməyə başladılar. Artıq onlar bu yeni istehsal sahəsinə başlayıblar. Almaniya, Böyük Britaniya, Fransa insansız uçuş aparatlarının istehsalını daha da artırıb. Bu gün həm Almaniyada, həm Böyük Britaniyada müharibəyə hazırlıq haqqında tədbirlər görürlər.

Dünya liderləri də başa düşür ki, Putin ABŞ-ın tələbi ilə müharibəni bu vəziyyətdə dayandırsa da, çox güman ki, Rusiya Polşaya və Baltik ölkələrinə hücum edəcək. Çünki Putinin başqa yolu yoxdur. Rusiya əgər müharibəni dayandırsa, ölkənin daxilində inqilab başlayacaq. Çünki əhali pis vəziyyətdə yaşayır, sosial vəziyyətləri ağırdır. Müharibədən qayıdan əsgər, zabitləri yeni iş yerləri ilə təmin etmək lazımdır. İş yerləri bağlanıb. Bu gün Rusiyada çalışan, işləyən əsas sahə hərbi sənayedir. Avropa da başa düşür ki, Rusiya mütləq Avropaya hücum edəcək”.

Politoloq bildirib ki, Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Marko Rubio “Biz NATO-dan çıxan deyilik” dedikdən sonra öz səbəblərini sadalayıb: “Artıq dünya qütbləşib. Rusiya, Çin, İran, Şimali Koreya bunlar bir cəbhədə birləşiblər. Donald Tramp Şimali Koreyanı və Rusiyanı öz tərəfinə çəkməyə çalışsa da, bu "müttəfiqlik" mümkün olmadı. Çin də bilir ki, gələcəkdə onun ən böyük düşməni Amerikadır və Amerika Çinlə nə vaxtsa müharibə başlayacaq. Tayvan məsələsi qarşıda durur. Bu səbəbdən də, Çin Rusiyanı daha çox dəstəkləməyə başlayıb.

Eyni zamanda, bu gün Yaxın Şərqdə vəziyyət çox gərgindir. Amerika və İsrail İranı təhdid edir, ancaq İran da onlara layiqli cavab verir. Deyir ki, “biz İsraildən və Amerikadan qorxmuruq, biz onları qarşı qələbə qazanacağıq. Biz onları yer üzündən siləcəyik”. Bunu dedirdən səbəblər var. Çünki hazırda Çin və Rusiya İrana böyük dəstək göstərir. Amerika da bunları dərk edir. Bilir ki, NATO-dan çıxsa, o zaman onun üçün gələcəkdə çətin olacaq. Buna görə də onlar NATO-nu daha da gücləndirməyə qərar veriblər, Avropada olan əsgərlərini müəyyən yerlərə göndərə bilirlər, rotasiya edirlər. Hazırda Böyük Britaniyada olan qüvvələrin bəziləri Yaxın Şərqə gətirilib. Yəni İrana təzyiqlər məqsədinə gətirilib. Ola bilsin ki, müharibə etsinlər. Ancaq buna baxmayaraq, onlar yenidən həmin əsgərləri, yaxud digər əsgər bölmələrini Avropaya gətirib, Avropanı gücləndirmək istəyirlər. Çünki artıq onlar dərk edirlər ki, Rusiya kabusu Avropanın üzərində hərlənir”.

Elşad Həsənov qeyd edib ki, ABŞ-ın NATO-dakı güclü mövqeyi Avropanın təhlükəsizliyinə zəmanətdir: “Amerikanın tələbi ilə Avropa ölkələri, NATO üzvü olan ölkələr ümumi daxili məhsullarını yaxın 2-3 ildə 5 faizə qaldıracaqlar hərbiyə daha çox vəsait ayıracaqlar. O zaman da Amerikanın, NATO-ya xərci nisbətən azalacaq. Tərəfdaş kimi bu məsələləri qaydasına qoyacaqlar və onlar da öz təhlükəsizliklərini təminata alacaqlar. Bu gün dünyanın ən güclü super ölkəsi Amerikadır və Amerika da Avropasız zəif görünür. Ona görə də bunların bu birlikdə qalması NATO-nun daha da gücləndirilməsi və dünyanın sülhə doğru inkişafında öz rolunu oynayacaq”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr