AZ

“Evli bir insan sevirəm” mahnısı qalmaqal yaratdı: Prokurorluğa MÜRACİƏT

Tanınmış jurnalist Əli Vəliyev “Evli bir insan sevirəm” mahnısı ilə bağlı tənqidi mövqe bildirib.


“Yeni Sabah” xəbər verir ki, o, müğənni Ülviyyə Namazovanın ifa etdiyi bu mahnının milli dəyərlərimizə uyğun olmadığını vurğulayıb:

“Əziz dostlar, hər birinizi salamlayıram. Bu dəhşət dolu mahnını səsləndirməkdə məqsədim var.

Mən bilmirəm, bu mahnını kim bəstələyib, sözlərini kim yazıb. Və necə olur ki, bu günə qədər Azərbaycanda belə bir mahnı səslənib? Mən qətiyyən buna qulaq asmamışam.

Bu gün təsadüfən bu mahnıya şahid oldum. Mən ümumiyyətlə, daha çox İlhamə Quliyevaya, müasir dövrdə Briliyant Dadaşovaya, bir az Zamiqə, keçmişə qayıtsaq, klassik və retro mahnılara qulaq asıram. Belə insanlara qulaq asmıram.

Amma bu, Azərbaycanın adət-ənənələrinə, milli və mənəvi dəyərlərinə zidd olan belə bir biyabırçı mahnıdır. Kim yazıb bunu? Bunun bəstəkarı kimdir?

Onun fikrincə, mahnı dərhal bütün platformalardan yığışdırılmalıdır:

“Mən Azərbaycan Bəstəkarlar İttifaqına və Azərbaycan Yazıçılar İttifaqına müraciət edirəm ki, sözləri kimindir, tapsınlar və bu adam haqqında müvafiq ölçü götürülsün.

Bu mahnı Azərbaycanın ailə institutunu məhv etməyə çağırır. Mən hesab edirəm ki, belə mahnılar Azərbaycanın milli və mənəvi dəyərlərinə, adət-ənənələrinə, keçmişdən bu günə qədər qorunan bütün dəyərlərinə ziddir və ailə institutunu məhv etməyə yönəlib. Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edirəm. Bu gün bir çox sosial şəbəkələrdə milli və mənəvi dəyərlərə zidd görüntülər məhdudlaşdırılır. Amma belə hallara diqqət yetirilməlidir. Bu həssas bir mövzudur.

Yəni bir şəxs açıq şəkildə efirdə deyir ki, “Mən evli birini sevirəm, amma qəlbimlə nə etməliyəm?” Mən düşünürəm ki, bu mahnı “YouTube” və digər platformalardan silinməlidir.

Bu mahnı Azərbaycanın milli, əxlaqi və mənəvi dəyərlərinə tamamilə ziddir. Dərhal bütün platformalardan, televiziyalardan, radiolardan və sosial şəbəkələrdən çıxarılmalıdır. Bütün Azərbaycanın tanınmış şəxslərinə və ictimaiyyətə bu məsələyə diqqət yetirməyi tövsiyə edirəm”.

Seçilən
6
2
yenilik.az

3Mənbələr