AZ

Kadi Borqesin cəzası bilindi - AFFA Premyer Liqa klublarına 38 min 700 manat cərimə kəsdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda Misli Premyer Liqasınn 20-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“İmişli” – “Qarabağ” oyununun 72-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Kadi Borqes 2 turluq diskvalifikasiya edilib. Onun intizamsızlığına görə Ağdam təmsilçisinə 1000 manat cərimə də ödəyəcək. Qonaq komandanın azarkeşlərinin oyunun 90+5-ci dəqiqəsində pirotexniki vasitədən istifadə etməsi və bu halın cari mövsümdə 3-cü dəfə təkrarlanması əlavə 6000 manat bahasına başa gəlib. 
83-cü dəqiqədə ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan Dioqo Almeydanın "qırmızı"sı futbolçuya 1 oyunluq cəza, "İmişli"yə 2500 manat cərimə bahasına başa gəlib. Bundan başqa, oyundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “İmişli” daha 2500 manat cərimə ödəyəcək.

“Kəpəz” – “Neftçi” qarşılaşmasının 71-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyan Məqsəd İsayev 2 oyunluq cəzalandırılıb.  Futbolçunun intizamsızlığına görə 1000 manat cərimə ödəyəcək “Kəpəz” azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səslənməsinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 8000 manat ziyana düşüb. 
“Neftçi” də analoji hala görə 8000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan”dan 6 nəfər sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib. Matçın 74-cü dəqiqəsində “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq kənarlaşdırılıb. "Sumqayıt” isə 3000 manat cərimələnib. Üstəlik, qarşılaşmada “Sumqayıt” azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "gənclik şəhəri" təmsilçisi daha 6000 manat cərimələnib.

Seçilən
14
fanat.az

1Mənbələr