AZ

Xocalı Faciəsinin 34 illiyi baglı tədbir keçirilib - FOTOLAR

Sabail Rayon Veteranlar Cəmiyyətinin mənzil-qərargahında “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan birliyin sədri Mehriban Abdullayeva bildirib ki, 34 il öncə – 1992-ci il fevralın 26-da Qarabağın Xocalı şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı XX əsrin insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərindən biridir. Onun sözlərinə görə, bu faciə nəticəsində minlərlə günahsız soydaşımız – qocalar, qadınlar və körpə uşaqlar yalnız azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirilib.

M.Abdullayeva qeyd edib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir. O vurğulayıb ki, həmin qətliam zamanı o dövrdə Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının erməni və qarışıq millətlərdən ibarət zabit və əsgərləri də iştirak ediblər. İnsanlığa qarşı törədilən bu qətliam nəticəsində yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilib.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin və “Dünya Azərbaycanlıları Strateji Araşdırmalar və Təhlillər Mərkəzi”nin rəhbəri, politoloq Tofiq Əli-zadə bildirib ki, son 300 ildə xalqımızın başına gətirilən faciələrdən lazımi nəticələr tam şəkildə çıxarılmayıb və tarix bəzən təkrar olunur.

O qeyd edib ki, 1905, 1918, 1988, 1990 və 1992-ci illərdə baş verən qanlı hadisələr xalqımızın üzləşdiyi ağır sınaqların davamıdır. T.Əli-zadə vurğulayıb ki, 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi əsl genosid idi. Onun sözlərinə görə, bu faciə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının və insanlığın faciəsi kimi qəbul olunmalıdır.

Politoloq bildirib ki, Xocalı soyqırımı xalqımızın tarixində dərin iz buraxmış faciəli bir gündür. Həmin qış gecəsinin dəhşətli anları bu gün də hər bir azərbaycanlının yaddaşında yaşayır. O əlavə edib ki, Xocalının işğalı və qətliamın həyata keçirilməsi planında 366-cı alayın bəzi zabitlərinin də iştirak etdiyi iddia olunur.

Tədbir iştirakçıları qeyd ediblər ki, Xocalı faciəsindən 34 il keçməsinə baxmayaraq, bu hadisə öz aktuallığını qoruyur və beynəlxalq ictimaiyyət tərəfindən obyektiv siyasi-hüquqi qiymətin verilməsi istiqamətində işlər davam etdirilməlidir.

Seçilən
28
25
qht.az

10Mənbələr