AZ

Zaporojye istiqamətində ağır döyüşlər gedir Rusiya ordusu Dnepr boyu hücuma hazırlaşır

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukraynanın cənubunda, Qulyaypole istiqamətində şiddətli döyüşlər davam edir. 

“AzPolitika”nın məlumatına görə, Ukrayna hərbçiləri bu sahədə müdafiədə çətinliklər yaşandığını bildirirlər. Rusiya ordusunun son aylarda əsas qüvvələrini Zaporojye vilayəti istiqamətində cəmləşdirdiyi qeyd olunur.

Cəbhənin şəhərin cənubundakı hissəsində Rusiya mövqeləri ilə Zaporojye arasındakı məsafənin 20 kilometrdən də az olduğu bildirilir. Ukrayna tərəfi hesab edir ki, Rusiya ordusu şəhəri artilleriya məsafəsinə salmağa çalışır.

Hərbi analitiklərin məlumatına görə, Rusiya qüvvələri Zaporojyeyə doğru “kəlbətin” manevri planlaşdırıb. Planın bir cinahı Pokrovskoye qəsəbəsi, digər cinahı isə Orexov şəhərinin qərb hissəsi istiqamətində nəzərdə tutulub. Lakin Ukrayna Silahlı Qüvvələrinin Pokrovsk istiqamətində əks-hücumu nəticəsində 200 kvadrat kilometrdən artıq əraziyə nəzarətin bərpa edildiyi və planın bir cinahının pozulduğu bildirilir.

Ukraynalı hərbi ekspert Roman Svitan Pokrovsk istiqamətindəki əməliyyatı taktiki uğur kimi qiymətləndirərək bunun müdafiə mövqelərinin yaxşılaşdırılmasına xidmət etdiyini, lakin Rusiya ordusunun operativ planlarına təsir göstərdiyini deyib. Onun sözlərinə görə, Rusiya qüvvələri ehtiyatlarının bir hissəsini Tokmak, Vasilyevka və Orexov istiqamətinə yönəldir.

Ekspert ehtimal edir ki, Rusiya ordusu Dnepr çayı boyunca, keçmiş Kaxovka su anbarı ərazisindən qərb cinahda hücumu inkişaf etdirməyə cəhd göstərə bilər.

Məlumata görə, Rusiya qüvvələri Stepnoqorsk istiqamətində də fəallaşıb. Şəhərdən təxminən 10 kilometr məsafədə yerləşən bu ərazidə vəziyyətin son aylarda daha da gərginləşdiyi bildirilir.

Ukrayna hərbi rəhbərliyi hesab edir ki, Rusiya ordusunun əsas məqsədi Zaporojyeni iri sənaye mərkəzi kimi atəş nəzarətinə götürməkdir. Hazırda cəbhədə əməliyyatların operativ xarakter daşıdığı və şəhəri artilleriya məsafəsinə salmaq məqsədi güddüyü vurğulanır.

Beləliklə, Zaporojye istiqamətində ağır döyüşlər və qarşılıqlı manevrlər davam edir, yaxın günlərdə vəziyyətin daha da gərginləşə biləcəyi istisna olunmur.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
azpolitika.info

1Mənbələr