AZ

Avropa ABŞ dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa Birliyində (AB) nüvə çəkindirməsi ilə bağlı müzakirələr ABŞ-a olan etimadın azalması və Rusiyadan gələn təhdid fonunda yenidən gündəmə gəlib.

Reyting.az xatırladır ki, üç il əvvəl bir sıra Avropa ölkələrində, xüsusən də Almaniyada nüvə elektrik stansiyalarının bağlanması müzakirə olunurdu. Lakin bu gün qitə daha mürəkkəb və strateji bir problemlə üz-üzədir. ABŞ-a etimadın azalması və Rusiyadan gələn təhlükə Avropa Birliyinin öz nüvə çəkindirmə sistemini yarada biləcəyi sualını ön plana çıxarıb.

Hazırda Fransa bu müzakirələrin mərkəzindədir. Ötən həftə AB liderlərinin görüşündə Avropa müdafiəsinin daha müstəqil olması məsələsi müzakirə edilib və Fransa prezidenti Emmanuel Makron diqqətçəkən təkliflə çıxış edib. Makron Avropa İttifaqının (Aİ) yeganə nüvə dövləti olan Fransanın nüvə potensialının Avropanın ümumi müdafiə və çəkindirmə arxitekturasına inteqrasiya olunması təklifini irəli sürüb.

Bu təklif Fransanın nüvə gücünün birbaşa Aİ-yə verilməsini nəzərdə tutmur. Nüvə silahları milli qüvvə kimi Fransanın nəzarətində qalacaq və onların istifadəsi yalnız Parisin qərarı ilə mümkün olacaq. Yəni AB-də məxsus müstəqil “nüvə düyməsi” olmayacaq, qərar qəbuletmə mexanizmi Fransada qalacaq. Bununla belə, Fransada Marin Le Pen, Böyük Britaniyada isə Naycel Faraj kimi ifrat sağçı siyasətçilərin bu ideyaya qarşı çıxdığı bildirilir.

Qeyd edək ki, hazırda Fransanın təxminən 290, Böyük Britaniyanın isə 200-dən çox nüvə başlığı var. ABŞ-nın İtaliya, Belçika və Almaniyada, eləcə də Türkiyədəki İncirlik hava bazasında nüvə başlıqları yerləşdirilib. Buna baxmayaraq, Avropa Birliyinin öz çəkindirici qüvvəsini yaratmaq ideyası getdikcə daha yüksək səslə müzakirə olunur.

Əvvəlcə Almaniya və İtaliya bu təşəbbüsə ehtiyatla yanaşsalar da, xüsusilə Münxen Təhlükəsizlik Konfransından sonra Almaniyada müzakirələr xeyli intensivləşib. Rusiyaya daha yaxın olan Polşa və Baltikyanı ölkələr isə Avropanın nüvə çəkindirici potensialının gücləndirilməsini açıq şəkildə dəstəkləyirlər.

Almaniyanın nüvə silahına sahib ola bilməməsi 1970-ci ildə imzalanmış beynəlxalq müqavilələrlə bağlıdır.

İndiyədək Avropanın təhlükəsizliyi əsasən ABŞ-nın müxtəlif ölkələrdə yerləşdirdiyi təxminən 100 nüvə başlığı hesabına təmin olunub və qitə Vaşinqtonun “nüvə çətiri” altında qalmağa məcbur olub. Lakin Rusiyadan gələn təhdidin artması və ABŞ-nın son siyasəti Avropada bu etimada ciddi zərbə vurub.

Avropanın öz nüvə çətirini qısa müddətdə yaratmasının çətin olduğu və bunun yüz milyardlarla avroya başa gələ biləcəyi vurğulansa da, Fransa və Almaniya müdafiə sahəsində daha müstəqil Avropa ideyası üzərində razılığa gəliblər. Almaniya kanslerinin ilin sonunadək bu istiqamətdə konkret addımların atılacağını gözlədiyini bildirməsi müzakirələri daha da gücləndirib.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
reyting.az

1Mənbələr