Orxus Universitetinin alimləri müəyyən ediblər ki, yenilənmiş şimal pəhriz tövsiyələrinə əməl etmək ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Tədqiqat 76 mindən çox iştirakçının məlumatına əsaslanır və belə pəhrizin həm sağlamlıq, həm də iqlim üçün faydalı ola biləcəyini göstərir.
Redaktor.az xəbər verir ki, nəticələr "The Journal of Nutrition" jurnalında dərc olunub.
2023-cü ildə təqdim edilən yenilənmiş tövsiyələr yalnız qidalanma dəyərini deyil, həm də ekoloji davamlılığı nəzərə alır. Tövsiyələrdə qırmızı ət və əlavə şəkərin istehlakını azaltmaq, tam taxıllar, paxlalılar, balıq və yağsız süd məhsullarının payını artırmaq məsləhət görülür.
Tədqiqatı dosent Kristina Dam və doktorant Anne Bak Merch aparıb. Dama görə, orta yaşlı İsveç kişiləri və qadınları arasında tövsiyələrə ən ciddi əməl edənlərdə ümumi ölüm riski 23% az olub. Bu effekt təhsil, gəlir və fiziki fəallıq səviyyəsi nəzərə alındıqdan sonra da qorunub. Eyni zamanda, bu qrupda xərçəng və ürək-damar xəstəliklərindən ölüm halları daha az olub.
Tədqiqat üçün Swedish Mammography Cohort və Cohort of Swedish Men adlı iki böyük kohort tədqiqatının məlumatlarından istifadə olunub. 1997-ci ildən iştirakçılar pəhriz və həyat tərzi haqqında məlumat veriblər ki, bu da qidalanma ilə uzunmüddətli sağlamlıq göstəriciləri arasındakı əlaqəni izləməyə imkan verib.
Alimlər bildirirlər ki, nəticələr yalnız İsveç üçün deyil, digər ölkələr üçün də aktuallıdır. Yenilənmiş norma həm sağlamlıq, həm də ətraf mühitə təsiri nəzərə alaraq, davamlı pəhrizin iqlim yükünü azaldacağını və erkən ölüm riskini minimuma endirəcəyini göstərir.
Qida sistemi iqlim dəyişikliyinə böyük təsir göstərir: antropogen istixana qazı emissiyasının təxminən 30%-i qida istehsalı və istehlakı ilə bağlıdır. Şimal pəhrizi insan sağlamlığı ilə ekoloji tarazlıq arasında kompromis olaraq hazırlanıb.
Alimlər qeyd edirlər ki, əlavə tədqiqatlar tələb olunur ki, belə pəhrizin piylənmə, 2-ci tip şəkərli diabet və digər xroniki xəstəliklərə təsiri öyrənilsin. Bu məsələlər gələcək işlərdə araşdırılacaq.
Nuriyyə NATİQQIZI