Sabahdan Ramazan ayı başlayır. Bir çox müsəlman ölkəsində müqəddəs ayda market və bazarlarda xüsusi güzəştlər tətbiq olunur. Azərbaycanda isə vəziyyət bir qədər fərqli istiqamətdə inkişaf edir. Ramazan yaxınlaşdıqca bəzi ərzaq məhsulları nəzərəçarpacaq dərəcədə bahalaşır. Araşdırmalar zamanı xüsusilə iftar süfrəsinin ayrılmaz hissəsi sayılan xurmanın qiymətinin kəskin artdığı diqqət çəkir.
Bu mənzərəni yerində görmək üçün şəhərin müxtəlif market və çərəz mağazalarına baş çəkdik. İlk dayanacağım iri marketlərdən biri oldu. Rəflərin önündə dayananda diqqətimi çəkən qiymət etiketlərinin bolluğu idi.
Endirim lövhələri alıcıları cəlb etsə də, rəqəmlərə diqqətlə baxanda fərqli tablo yaranır. Kral xurması (Korolevski premium) endirimlə 40 manatdan 32 manata düşüb. Fələstin mənşəli xurma 25 manat 49 qəpiyə təklif olunur. Mədinə xurması 15 manat 49 qəpik, onun daha kiçik ölçülüsü 9 manat 49 qəpikdir. Tumsuz xurma 8 manat 49 qəpik, Tunis xurması isə 6 manat 50 qəpik civarındadır.
Marketdən çıxıb yolumu çərəz mağazalarından birinə salıram. Burada atmosfer fərqlidir, şüşə qabların içində müxtəlif rəng və ölçüdə xurmalar, satıcının sakit izahları, alıcıların diqqətli seçimi… Qiymətlər də marketlərdən fərqli olaraq daha fərqlidir. Bəzi növlər 4 manat 50 qəpikdən başlayır, daha keyfiyyətli və iri xurmalar isə 28 manata satılır. Üstəlik, burada marketlərdə rast gəlmədiyim çeşidlər də var.
Başqa bir çərəz mağazasında isə çeşid daha da zəngindir. Satıcı rəfləri göstərərək müxtəlif ölkələrdən gətirilən xurmaları təqdim edir. Burada İsrail mənşəli xurma da satılır, kilosu 36 manatdır. Dubay xurmasının 1 kiloqramı 20 manata təklif olunur.
Satıcı hər kəslə olduqca mehriban davranır, hər növü bir-bir göstərərək mənşəyini və qiymət fərqinin səbəblərini izah edir.
Onun təqdim etdiyi ilk diqqətçəkən növlərdən biri Ajva xurması oldu. Qiyməti 27 manat 50 qəpikdir. Uzun saçlı sarışın xanım bildirir ki, bu xurma dünyanın ən qiymətli və müqəddəs sayılan növlərindən biridir. Xüsusilə Mədinə bölgəsində yetişən unikal sort olduğu üçün həm nadir, həm də bahalıdır.
Rəflərdə açıq rəngi ilə seçilən Segai xurması da diqqət çəkir kilosu 25 manat 50 qəpikdir. Satıcının sözlərinə görə, bu növ premium kateqoriyaya daxildir. O qeyd edir ki, Segai xurması Bakı şəhərində nadir rast gəlinir və hər çərəz yerində olmur.
Mağazada təqdim olunan digər maraqlı növlərdən biri Mabroom xurmasıdır. Satıcı izah edir ki, bu xurma da Səudiyyə Ərəbistanından gətirilir və premium növlərdən hesab olunur. Bu xurma o birilərdən fərqli olaraq yumşaq olmur, daha möhkəm teksturaya malikdir və dadı şipşirin deyil, özünəməxsus aroması var. Qiyməti isə nə az, nə çox, 36 manatdır.
Mağazada olduğum müddətdə içəri bir neçə alıcı da daxil olur. Onlar da mənim kimi rəflərin önündə dayanıb qiymət etiketlərinə baxırlar. Sükutu ilk pozan orta yaşlı bir qadın olur, qiymətə baxan kimi təəccüblə “Vay vay… nə bahadırlar” deyir. Satıcı isə sanki bu reaksiyaya öyrəşibmiş kimi anlayışla gülümsəyir. “Kilo ilə almağa ehtiyac yoxdur, 200-300 qram da çəkə bilərəm” təklifini edir.
Doğrudan da, alıcıların çoxu artıq kilo ilə xurma almağın çətin olduğunu açıq hiss etdirir. Bir kişi vitrindəki premium xurmalardan birini göstərib soruşur:
- Ay qızım, 300 qramı neçəyə gələcək bunun?
Satıcı tez hesablayır:
- 300 qramı 10 manat 80 qəpik edir.
Kişi qaşlarını qaldırıb yarızarafat, yarıciddi dillənir:
- Vay, vay, bahadı da… 15-20 dənə xurmaya 11 manat verim?!
Mağazada qısa bir sükut yaranır. Satıcı yenə də sakit səslə məhsulun keyfiyyətindən, idxal qiymətlərindən danışmağa başlayır. Alıcı isə tərəddüdlə vitrindəki xurmaları bir daha nəzərdən keçirir.
Mağazadan çıxanda həmin kişi də mənimlə birgə qapıya yönəlir, amma onun narazılığı hələ də səngiməyib. Dayanıb əlindəki kiçik paketə baxır, sonra başını bulayır.
“Xurmanın qramının qiymətinə bax e… Bu cür olmaz axı” deyə gileylənir. “Bir də görəcəyik ki, artıq dənə ilə satırlar… 3 dənə xurma filan qiymətə…”
Söhbətə qoşulub jurnalist olduğumu deyirəm, Ramazan ərəfəsində bazardakı vəziyyətlə bağlı reportaj hazırladığımı bildirirəm. Onu çəkmək istədiyimi deyəndə kişi əvvəlcə susur, sonra əlini yelləyir.
“Yox, nəyimə lazımdır… onsuz da heç nə düzəlməyəcək”, - deyib sakitcə uzaqlaşır.
Ramazan sabahdır, ərzaq mağazalarının mənzərəsi isə belədir. Çeşid bolluğu ilə bahalıq yan-yanadır…
Bu qısa müşahidələr Bakıda müqəddəs ayın astanasında formalaşan gündəlik reallığın kiçik fraqmentidir. Onsuz da iftar süfrələri yenə qurulacaq, xurma yenə həmin süfrələrin bəzəyi olacaq. Amma bu bərəkətin qiyməti barədə söhbətlər, görünür, hələ uzun müddət davam edəcək…
Əsmətxanım Rzazadə




Telegram kanalımız