AZ

"Baku Sportinq"in baş məşqçisi: "Çempionluq uğrunda mübarizə son turlara qədər davam edəcək"

Azərbaycan I Liqasında çempionluq uğrunda mübarizə son turlara qədər davam edəcək.

Bunu "Far.Az"a açıqlamasında "Baku Sportinq" komandasının baş məşqçisi Röyal Nəcəfov deyib.

"Çempionluq barədə danışmaq hələ çox tezdir. Çünki çempionatın bitməsinə hələ 13 tur var və hər oyun bir-birindən ağırdır. Turnir cədvəlinin yuxarı pillələrindəki rəqiblərin hamısı bir-birinə yaxındır. Demək olar ki, 4 komandanın çempionluq şansı var. Bu çempionatda hər komanda istənilən rəqiblə matçda xal itirə bilər. Düşünürəm ki, mübarizə son həftələrə qədər davam edəcək", - deyə mütəxəssis vurğulayıb.

O, təqvimi də dəyərləndirib:

"Rəqiblərin bir-biri ilə oyunlarını da nəzərə almaq lazımdır. Hər bir komanda digərindən xal ala bilər. Məsələn, bizim hələ "Səbail" və "Mingəçevir"lə iki, həmçinin lider "Şəfa" ilə vacib qarşılaşmalarımız var. Bütün bunları nəzərə alsaq, çempionat sona qədər maraqlı keçəcək. Hər matça eyni ciddiyyət və məsuliyyətlə hazırlaşırıq ki, maksimum xal toplayaq".

Qeyd edək ki, "Baku Sportinq" hazırda 29 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb. Lider "Şəfa"nın 32 xalı var. İlk "3-lüy"ü 26 xalla "Səbail" qapayır.

Seçilən
32
2
far.az

3Mənbələr