AZ

bp Bakı Dövlət Universiteti üçün yeni rəqəmsal kitabxana istifadəyə verib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) rəqəmsal şəkildə idarə olunan müasir kitabxana istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüs bp-nin Azərbaycanda təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.

Yeni rəqəmsal kitabxana tələbələr, müəllim heyəti üçün geniş bilik bazasına məsafədən və birbaşa çıxış imkanı yaratmaqla BDU-da təhsil prosesini əhəmiyyətli dərəcədə gücləndirməyə kömək edəcək. O, həmçinin məlumatlara çıxışı və məlumatların toplanmasını asanlaşdıracaq, eyni zamanda, istifadəçilərə məzmunu paylaşmaq, mürəkkəb axtarışlar yerinə yetirmək və tədqiqat məlumatlarını saxlamaq imkanı verəcək.

BDU-nun mövcud kitabxanasında təxminən 2,5 milyon nadir kitab, əlyazma və tarixi sənədlər saxlanılır. Yeni sistem müasir rəqəmsal arxivləşdirmə və inventar idarəetməsi təcrübələrini tətbiq etməklə bu dəyərli kitabxana fondunun qorunması və saxlanmasının təkmilləşdirilməsinə kömək edəcək.

Layihəyə 3 əsas komponent daxil idi:

• Bütün kitabxana fondunun elektron məlumat bazası vasitəsilə tam şəkildə idarə olunmasını təmin edən xüsusi proqram təminatının hazırlanması;

• Kitablara izləmə çiplərinin tətbiqi, eləcə də əl terminallarının və çiplə təchiz edilmiş materialların proqram platformasına tam inteqrasiyası daxil olmaqla, effektiv inventar idarəetmə sisteminin yaradılması;

• Yeni rəqəmsal kitabxana sisteminin səmərəli fəaliyyəti üçün zəruri fiziki infrastrukturun quraşdırılması.

Bu gün universitetdə kitabxananın açılışında çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib: “Bakı Dövlət Universitetinin müasir, rəqəmsal imkanlarla təchiz olunmuş kitabxana sisteminə keçidini dəstəkləməkdən qürur duyuruq. Biliklərə çıxış uğurlu təhsil prosesinin əsasını təşkil edir və bu layihə tələbələr, müəllimlər və tədqiqatçılar üçün öyrənmə, innovasiya və əməkdaşlıq baxımından yeni geniş platforma təmin edir. Hesab edirik ki, bu təşəbbüs bu günün tələbələrinə fayda verməklə yanaşı, eyni zamanda, universitetin əvəzolunmaz bilik fondunun gələcək nəsillər üçün qorunub saxlanılmasına da töhfə verir. Bu, həmçinin bp-nin Azərbaycanda ali təhsilin və elmi tədqiqatların keyfiyyətinin artırılmasına verdiyi dəstəyi əks etdirir”.

Layihənin ümumi dəyəri 805 min 290 manat (təxminən 473 min 700 dollar) təşkil edir və bu məbləğ proqram təminatının hazırlanmasını, inventar idarəetmə sisteminin yaradılmasını, eləcə də bütün lazımi avadanlıq və infrastrukturun quraşdırılmasını əhatə edir.

Tədbir zamanı bp və Bakı Dövlət Universiteti, həmçinin potensial birgə layihələr üçün çərçivə müəyyən edən əməkdaşlıq sazişi imzalayıblar. Sazişin imzalanmasında əsas məqsəd universitet ekosisteminin daha da gücləndirilməsi və biliklərin artırılmasına dəstək verməklə uzunmüddətli akademik inkişaf və innovasiyalar üçün şəraitin yaradılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
3
azertag.az

9Mənbələr