AZ

"Münasibətlərimizin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır" - Kamaləddin Qafarov

"Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası təkcə diplomatik hadisə deyil, dövlətçilik anlayışının iki ölkənin siyasi kursunda necə mərkəzi yer tutduğunu nümayiş etdirən mühüm platforma oldu".
 
Moderator.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlar Bakı ilə Belqrad arasındakı münasibətlərin situativ maraqlara deyil, dövlət maraqlarının qorunması fəlsəfəsinə əsaslandığını göstərdi:
 
"Azərbaycan Prezidenti çıxışına Serbiyanın Dövlətçilik Günü münasibətilə təbriklə başlaması təsadüfi deyildi. O, dövlət suverenliyinin qorunması uğrunda verilən qurbanları xüsusi qeyd etdi və dövlət maraqlarının hər şeydən üstün tutulmasını inkişafın əsas şərti kimi təqdim etdi. Bu yanaşma, əslində, iki ölkə arasında ortaq siyasi düşüncə modelinin mövcudluğunu göstərir. Dövlətçilik burada formal institut anlayışı deyil, milli iradənin təcəssümüdür. Prezident İlham Əliyevin Serbiyanın inkişafını məhz liderlik amili ilə əlaqələndirməsi də diqqətçəkəndir. Dövlət başçısı Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq iqtisadi uğurlar əldə etməsini islahatlar və siyasi iradə ilə izah etdi. Bu qiymətləndirmə dolayısı ilə Azərbaycanın öz inkişaf modelinə də işarə idi – güclü siyasi rəhbərlik, sabitlik və uzunmüddətli strateji baxış".
 
Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının Serbiyanın Dövlətçilik Günündə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan K.Qafarov bildirib ki, məhz bu faktın özü ölkələrimiz arasında tərəfdaşlığın uzunmüddətli maraqlara xidmət edən siyasi xətt olduğunu göstərir:
 
“Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, qərarların icrası qısa müddətdə təmin edilməlidir. Bu isə münasibətlərin deklarativ yox, praktik xarakter daşıdığını sübut edir. Birgə bəyanatda beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi xüsusi vurğulandı. Bu, dövlət suverenliyinin qorunması prinsipinin yalnız daxili siyasət məsələsi deyil, həm də xarici siyasətdə əsas istiqamət olduğunu təsdiqləyir. Müasir geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə belə prinsipial mövqe iki ölkə arasında strateji etimadı daha da möhkəmləndirir. Beləliklə, Belqraddakı görüş göstərdi ki, Azərbaycan–Serbiya münasibətlərinin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır. Bu fəlsəfə isə siyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq arenada müstəqil mövqenin əsas təminatıdır”.
Seçilən
34
14
moderator.az

10Mənbələr